16:48 10-02-2020
news_image
298
FUTBOL

"Qarabağ" Azərbaycanın ən güclü komandasıdır” - Con Van Leon

"Azərbaycanda işlədiyim dövrdə də orada yaxşı futbolçular olduğunu gördüm. Həqiqətən də ölkənizdə yaxşı oyunçular var. Onlar Avropada legioner həyatı yaşaya bilərlər".

Bunu apasport.az saytına “Qarabağ” Futbol Akademiyasının sabiq idman direktoru Con Van Leon deyib.

Hollandiyalı mütəxəssis əməkdaşımızla söhbətində Azərbaycanda - Ağdam klubunda çalışdığı dövrü xatırlayıb. O bildirib ki, hazırda “Qarabağ”ın akademiyası barədə xəbərsizdir: “Azərbaycanlı futbolçuların legioner həyatı yaşaması üçün Avropa mentalitetinə ehtiyacları var. Konkret bir oyunçunun adını çəkə bilmərəm. Çünki hazırda Azərbaycan futbolu ilə maraqlanmıram. Amma orada işlədiyim müddətə nəzər salsaq, Avropaya yollana biləcək futbolçularınız var. Avropaya daha çox oyunçunun yollanması üçün nə etmək lazımdır? Çox sadədir. Hər oyunu yüksək səviyyədə keçirmək. Həm də yaxşı akademiyanız varsa, futbolçu yetişəcək. Hazırda "Qarabağ" akademiyasında yaxşı oyunçuların olub-olmadığını bilmirəm. Orda işləmədiyimdən bir söz deyə də bilmərəm".

Hazırda Yunanıstanın aşağı liqa klubu olan "Tesprotos"da texniki menecer kimi çalışan hollandiyalı "Qarabağ"ın çox güclü komanda olduğunu da gizlətməyib: "Mən orada çalışdığım zamanda da "Qarabağ" güclü idi. Hazırda da bu davam edir. "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır".