23:08 11-02-2020
news_image

İki erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - bir gündə 3 medal

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi günü 3 mükafatla başa vurub.

Güləşçilərimizdən Sənan Süleymanov çempion tituluna yiyələnib. Eldəniz Əzizli və İslam Abbasov isə qitə birinciliyini 3-cü yerdə bitiriblər.

Avropa çempionatı

Yunan-Roma güləşi
55 kq

Avropa və dünya çempionu Eldəniz Əzizli bürünc medal uğrunda görüşə çıxacaq. Rudik Mkrtaçyana (Ermənistan) qalib gəlib, Edmond Armen Nazaryana (Bolqarıstan) uduzan həmyerlimiz Covanni Freni (İtaliya) ilə qarşılaşıb. Görüş təmsilçimizin asan qələbəsi ilə başa çatıb. Əzizli 65 saniyəyə 9 xal qazanmaqla, görüşü vaxtınmdan əvvəl aktivinə yazıb. Bu qələbə ona Avropa çempionatının bürünc medalına da sahib olub. 

63 kq
İlk döyüşündə İbrahim Labazanova (Rusiya) məğlub olan Taleh Məmmədov rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşlərə qatılıb. Lakin o, yenə qələbə qazana bilməyib. Güləşçimiz bu dəfə Erik Torba (Macarıstan) ilə dueldən məğlub ayrılaraq (3:9), qitə birinciliyi ilə vidalaşıb.

77 kq
Sənan Süleymanov komanda yoldaşlarından fərqli, final görüşünə çıxacaq. Həlledici döyüşədək Aik Mnatsakanyan (Bolqarıstan), Matteo Maffetsoli (İtaliya), Georgios Prevolarakis (Yunanıstan) və Karapet Çalyana (Ermənistan) qalib gələn pəhləvan çempionluq üçün macarıstanlı Zotlan Levayla güləşib. O, bu dəfə də xalçadan üstün ayrılıb. 3:1 hesablı qələbə güləşçimizi Avropa çempionu edib.

87 kq
Kiril Maskeviç (Belarus), Marçin Arkadiuş (Polşa) və Mohammed Tarik (Bolqarıstan) üzərində qələbə sayəsində yarımfinala kimi irəliləyən İslam Abbasov finala gedən yolda macarıstanlı Viktor Lorintzə uduzub. O, bu səbəbdən üçüncü yer uğrunda gücünü yoxlayıb. Abbasov litvalı Eyvidas Stankeviçyusla gücünü yoxlayıb və 6:2 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz yığmamıza daha bir bürünc medal qazandırıb.  

130 kq
Komandamızın ən ağır çəkili güləşçisi Sabah Şəriəti də təsəlliverici görüşə çıxmalı idi. 1/4 finalda uduzduğu rumıniyalı Aleksus Alin finala vəsiqə qazandığından milliləşdirilmiş legionerin “bürünc" şansı davam etsə də, o, zədələndiyi üçün xalçaya çıxmadan mübarizəni dayandırıb. Rəqibi Zurabi Gedexauri (Rusiya) mərhələ adlayıb.

Qeyd edək ki, bu gün keçirilən döyüşlərdən sonra Rafiq Hüseynov (82 kq) da finala vəsiqə qazanıb. Həmçinin Murad Bazarovla (60 kq) Ülvi Qənizadə (72 kq) təsəlliverici görüşə çıxacaq. Bu qarşılaşmalar fevralın 12-də keçiriləcək.