21:24 11-02-2020
news_image

9 ildən sonra Avropa çempionatının finalında - YENİLƏNİB

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Bu çəkilərin hər birində Azərbaycan təmsilçisi xalça üzərinə çıxıb. Onlardan biri finala yüksəldiyi halda, ikisi təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq

Murad Bazarovun startı təsnifat mərhələsinə təsadüf edib. 26 yaşlı güləşçi ilk görüşündə italiyalı Yakopo Sandron üzərində çətin qələbə qazanaraq (2:1), 1/4 finala adlayıb. Pəhləvanımız bu mərhələdə Ermənistan idmançısı Qevorq Qaribyanla görüşüb. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 8:0. Qaribyan finala yüksəldiyindən Bazarov təsəlliverici görüşə qatılacaq. Güləşçimiz Avqustin Boyanov Spasovla (Bolqarıstan) üz-üzə gələcək. 

67 kq
İslambek Dadov da yarışa təsnifat mərhələsindən qoşulub. Milliləşdirilmiş güləşçimiz 1/8 finala vəsiqə uğrunda Kristian İştvan Vança ilə qarşılaşıb. Macarıstanlı rəqibi ilə görüşə fəal başlayan Dadov 7:0 hesabı ilə önə keçməsinə baxmayaraq, bu üstünlüyünü qoruya bilməyib. Nəticədə Vança 8:7 hesablı qələbə qazanaraq, mərhələ adlayıb. Lakin o da 1/4 finalda uduzduğundan təmsilçimiz yarışla vidalaşıb. 

72 kq
Ülvü Qənizadə 1/8 finalda Stoyan Stoyçev Kubatovdan üstün olub. İdmançımız bolqarıstanlı üzərində 6:1 hesablı qələbə qazanıb. Lakin Qənizadə 1/4 finalda eyni uğuru təkrarlaya bilməyib. O, almaniyalı Frank Staeblerə vaxtından əvvəl uduzub. Rəqib finala vəqiqə qazandığından Quluzadə təsəlliverici qarşılaşmada Anatoli Popovla (Moldova) güləşəcək.

82 kq
Rafiq Hüseynov da mübarizəyə 1/8 finaldan başlayıb. Niderland güləşçisi Tirone Sterkenburqla görüşdə 8:0 hesabı ilə öndə olan Avropa çempionumuz vaxtından əvvəl qalib gəlib. Hüseynovun 1/4 finaldakı qurbanı Boqdan Kurinnoyu olub. İsveç idmançısı üzərində 3:2 hesablı qələbə qazanan Rafiq yarımfinala yüksəlib. O, final üçün ev sahibi Çiro Russo ilə üz-üzə gəlib. Həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək (7:1) 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. Hüseynov çempionluq üçün Daniel Tixomirov Aleksandrovla (Bolqarıstan) qüvvəsini sınayacaq.

97 kq
Bu çəkidəki təmsilçimiz Orxan Nuriyevin Avropa çempionatında startı uğursuz alınıb. Təsnifat mərhələsində Tadeuş Mixaliklə üz-üzə gələn güləşçimizin polşalı rəqibi ilə görüşü cəmi 2 dəqiqə çəkib. Vaxtından əvvəl qələbə qazanan rəqib növbəti mərhələdə uduzduğundan, həmyerlimiz çempionatı medalsız başa vurub.

Fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan millisinin bir yunan-Roma güləşçisi finala yüksəlib, dördü bürünc medal şansını qoruyub. Birinciliyə fevralı 16-da yekun vurulacaq.