09:21 12-02-2020
news_image
259
FUTBOL

“Sabah”ın xorvatiyalısı Sopiç üçün vaxt istədi - MÜSAHİBƏ

“Sabah”ın futbolçusu Mario Marinanın apasport.az saytına müsahibəsi

- “Sabah” qış toplanışından sonra Premyer Liqada “Zirə”yə uduzub, “Qəbələ”yə qalib gəlib. Bu iki görüşü necə müqayisə edərdiz?
- Fərq “Qəbələ”yə qarşı komanda kimi oynamağımızdadır. Bu da görüşü qalib başa vurmağımıza kömək oldu.

- Məhz “Qəbələ” “Sabah”ı ölkə kubokundan kənarlaşdırıb. Qalib gəlməklə kubokdakı məğlubiyyətin revanşını aldığınızı demək olar?
- Futbolda revanş sözü ümumiyyətlə xoşuma gəlmir. Bir qarşılaşmanı bitdikdən sonra növbəti oyunu fikirləşməliyik. İndi də belədir. Komanda olaraq növbəti turu düşünürük.

- “Qəbələ” ilə görüşdə “Sabah”ın üç qolundan birini məhz siz vurdunuz. Yetərincə də baxımlı qol alındı. Davamını gətirə biləcəksiniz?
- Bəli, doğurdan da çox yaxşı qol alındı. Yevgeni Koçukun ötürməsi də olduqca əla idi. Bağışlayın, amma qollarımın davamının gələcəyinə vəd verə bilmərəm (gülür). Komanda üçün əlimdən gələni edəcəm.

- Ölkə çempionatının XVII turunda rəqibiniz “Sumqayıt”dır. Bu komandaya qalib gələ biləcəksiniz?
- “Sumqayıt” əla komandadır. Çətin oyun olacaq, bu dəqiqdir. Amma qalib gələcəyimizə inanmalıyıq. Ümid edirəm ki, bu görüşdə 3 xal qazanacağıq.

- Qışa qədər “Sabah” istədiyi nəticələri əldə edə bilməyib. Necə düşünürsünüz, bunu bacarmaq üçün nə etməlisiz?
- Mövsümün sonunda yaxşı nəticələrimizin olacağına inanıram. Çünki çox yaxşı komandamız var və nəticə qazanmağımız mümkündür. 

- Onda yəqin ki, hazırki pillə komandanı razı salmır.
- Əlbəttə ki, altıncı pillə bizi razı salmır. Hər oyununa qələbə üçün çıxırıq. Mövsüm sonunda isə hansı pillədə olacağımızı görəcəyik.

- Komanda mövsümün gedişində baş məşqçi postunda çox dəyişiklik etdi, yekunda Yelko Sopiçə həvalə olundu. Necə düşünürsünüz, o, sizi lazımı pillələrə qaldıra biləcəkmi?
- Hər bir baş məşqçiyə, həmçinin Sopiçə də müəyyən zaman lazımdır. Bu müddət altı ay və bir il də çəkə bilər. Məhz bundan sonra istədiyimizi ən yaxşı şəkildə edə bilərik.

- “Qoritsa”dan ayrılıb, “Sabah”a gəldiyiniz vaxtlarda Xorvatiya mətbuatı sabiq klubunuzla problemlərinizin olduğunu yazırdı. Buna aydınlıq gətirə bilərsiz?
- “Qoritsa” ilə heç vaxt problemim olmayıb. Ona görə doğurdan da, nəyə görə bu cür yazdıqlarını anlamıram. 

- Karyeranız ərzində avrokuboklarda çıxış etməmisiz. “Sabah”la buna nail olacağınıza inanırsız?
- Bəli, istəyimi həyata keçirəcəyimə çox inanıram. 

- “Sabah”ı özünüz üçün pik nöqtə hesab edirsiniz, yoxsa bu kluba tramplin gözü ilə baxırsınız?
- Gələcək haqda düşünən deyiləm. Bu günlə yaşayan adamam. “Sabah”da olduğum müddətdə də komandaya xeyir vermək haqda düşünürəm.

-“Şiroki Briyeq”də “Neftçi”nin sabiq futbolçusu Slavko Braliç, “Qoritsa”da isə “Səbail”in keçmiş üzvü Faruk Miya ilə komanda yoldaşı olmusunuz. Maraqlıdır, gəlməmişdən onlarla Azərbaycan çempionatı barədə heç danışdınız?
- Slavkonun sonradan “Neftçi” ilə anlaşdığını, burada oynadığını bilirdim. İnanırsız, Faruk Miyanın “Səbail”də oynadığını bilmirdim. Azərbaycana gəlməmişdən əvvəl də heç biri ilə danışmamışam.