21:03 12-02-2020
news_image

Avropa çempionatı: Üç güləşçimizdən vida, biri üçün bürünc şansı - YENİLƏNİB

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 4 çəki üzrə ilkin görüşlər baş tutub.

Bu çəki dərəcələrinin hər birində Azərbaycan təmsilçiləri xalçaya çıxsalar da, onlardan yalnız biri medal şansını qoruyub. O da ən yaxşı halda, üçüncü yeri tutacaq. 

Avropa çempionatı
Qadın güləşi
50 kq

Türkan Nəsirova mübarizəyə təsnifat mərhələsindən başlayıb. 23 yaşlı idmançı Emilia Vukla (Rumınya) qarşılaşmadan məğlub ayrılıb. Rəqib 4:0 hesabı ilə qələbə qazansa da, növbəti mərhələdə uduzub. Bu, Nəsirovanın bürünc medal şansının üstündən də xətt çəkib.

59 kq
Avropa Oyunlarının finalçısı Elmira Qəmbərovanın da debütü uğursuz alınıb. 26 yaşlı güləşçi təsnifat mərhələsində Anjelina Lısaka (Ukrayna) məğlub olub - 4:10. Rəqib növbəti mərhələdə uduzduğundan, təmsilçimiz çempionatdakı çıxışını başa vurub.

68 kq
Təsnifat mərhələsindən yarışa qoşulan digər təmsilçimiz İrina Netreba da ilk görüşündə uğursuzluğa düçar olub. Milliləşdirilmiş ukraynalı güləşçi həmyerlisi Alla Çerkasovaya gərgin mübarizənin yekununda 4:5 hesabı ilə yenilib. Rəqib yarımfinalda uduzduğundan təmsilçimiz Avropa çempionatında çıxışını başa vurub. 

76 kq
Bu çəkidəki güləşçimiz Səbirə Əliyeva isə komanda yoldaşlarından fərqli olaraq qitə birinciliyinə qələbə ilə start götürüb. 25 yaşlı idmançımız 1/8 finalda Aikaterini Pitsiava (Yunanıstan) önündə çətinlik çəkməyib - 6:0. Ancaq o, özü 1/4 finalda eyni aqibətlə üzləşib. Rusiyalı Yekaterina Bukina ilə üz-üzə gələn Əliyeva rəqibinə heç 1 dəqiqə müqavimət göstərə bilməyib və xalçanı vaxtından əvvəl məğlub tərk edib. Rəqibi finala yüksəldiyindən Əliyeva sabah keçiriləcək təsəlliverici görüşə qatılacaq. Güləşçimiz Svetlana Saenko (Moldova) - İselin Solheym (Norveç) cütünün qalibi ilə gücünü yoxlayacaq. 

Qeyd edək ki, fevralın 16-da başa çatacaq Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə bu gün yekun vurulacaq. Sənan Süleymanovun (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasovun (87 kq) bürünc medal qazandığı yarışda daha 3 idmançımız fəxri kürsüyə yüksələ bilər. Onlardan Rafiq Hüseynov (82 kq) finala adlamaqla ən azı gümüş medalı təmin edibsə, Murad Bazarovla (60 kq) Ülvi Qənizadə (72 kq) 3-cü yerə iddia edəcəklər.