20:58 13-02-2020
news_image
1471
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatı: Bir qızıl, üç bürünc medal şansı - YENİLƏNİB

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün qadın güləşi üzrə son çəki dərəcələrində ilkin görüşlər olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan 4 çəkidə təmsil olunub.

53, 57, 62 və 65 kq çəki dərəcələrində güləşçilərimiz xalça üzərinə çıxıblar. Onlardan biri finala vəsiqə əldə edibsə, üçünün bürünc medal qazanmaq şansı davam edib. Bu çəkilərdə medal uğrunda qarşılaşmalar sabah keçiriləcək.

Avropa çempionatı
Qadın güləşi
53 kq

Tatyana Varantsova mübarizəyə təsnifat mərhələsindən başlayıb. Milliləşdirilmiş güləşçi ilk rəqibi Marina Rueda Floreslə görüşə uğursuz start götürüb. İspaniyalı idmançı sona 20 saniyə qalmış 3 xal fərqi ilə öndə olsa da, Varantsova əzmkarlıq nümayiş etdirərək 8:5 hesablı qələbə qazanıb. Ancaq o, uğurlu çıxışını davam etdirə bilməyib. 1/8 finalda Cessika Kornelia Blaşka ilə qarşılaşan idmançımız niderlandlı rəqibinə vaxtından əvvəl uduzub. Blaşka finala qədər irəlilədiyindən, Tatyana təsəlliverici görüşə qatılacaq. O, Suzanna Seykariuya (Rumıniya) qarşı gücünü sınayacaq.

57 kq
Avropa çempionatının bürünc mükafatçısı Alyona Kolesnikin startı 1/4 finala təsadüf edib. Ukrayna əsilli idmançımız Qreys Yakob Bullen önündə heç bir dəqiqə tab gətirə bilməyib. Güləşçimizin kürəyini xalçaya sıxan norveçli finala qədər irəliləyib. Kolesnik 3-cü yer uğrunda belaruslu İrina Kuraçkina ilə mübarizə aparacaq.

62 kq
Təsnifat mərhələsindən yarışa qoşulan digər təmsilçimiz Tatyana Omelçenko ilk görüşündə Aurora Kampanyadan (İtaliya) üstün olub. 3:0 hesablı qələbəyə sevinən Omelçenko 1/4 finalda macarıstanlı Mariana Sastinlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş Tatyananın qalibiyyəti ilə yekunlaşıb - 5:3. Təəssüf ki, o, yarımfinalda Yuliya Ostapçuk (Ukrayna) səddinə "ilişib" - 0:4. Omelçenko bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Veranika İvanova (Belarus) olacaq.

65 kq
Avropa çempionumuz Elis Manolova 1/4 finalda Finlandiya təmsilçisi Petra Maarit Olli önünə çıxıb. Dünya və qitə birinciliyinin qızıl medalçısına heç bir şans verməyən Manolova 8:1 hesablı qələbə əldə edərək, adını yarımfinala yazdırıb. O, finala vəsiqə uğrunda dueldə Mariya Kuznetsovanı da üstələyib. Rusiyalı rəqibinə 7:3 hesabı ilə qalib gələn Elis finala yüksəlib. Manolova həlledici görüşdə Mimi Nikolova Xristova (Bolqrıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz qitə birinciliyini 6 medalla başa vurublar. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc mükafata yiyələniblər. Qadın güləşçilərimiz isə hələ ki, medal qazanmayıblar.