08:41 14-02-2020
news_image

“Ölkə rəhbərliyinin təbriki idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir” - Elçin Cəfərov

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb.

Apasport.az saytının məlumatına görə, iki qızıl və dörd bürünc medalla rekord müəyyənləşdirən və komanda hesabında ikinci yeri tutan millimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib. 

Komandanı Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, güləşçilərin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri qarşılayıb.

AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib: “Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm”.

O qeyd edib ki, qarşıda yığmamızı iki lisenziya turniri gözləyir: “Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.
2 qızıl və 4 bürünc medal qazanan yığmamız 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Avropa çempionatına isə fevralın 16-da yekun vurulacaq. Bu gün qadın güləşçilərin də mübarizəsi yekunlaşacaq, həmçinin sərbəst güləşçilər yarışa qoşulacaqlar.