23:02 14-02-2020
news_image

Manolova finalda məğlub oldu, Omelçenko bürünc qazandı

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün qadın güləşi yarışlara yekun vurulub.

Apasport.az saytının məlumatına görə, birinciliyə 8 idmançı ilə qatılan Azərbaycan yığması 2 medala sahib olub.

Komandamızın heyətində Elis Manolova ikinci, Tatyana Omelçenko üçüncü yeri tutub. 

Avropa çempionatı
Qadın güləşi
53 kq

Startda Marina Rueda Floresə (İspaniya) qalib gəlib, 1/8 finalda Cessika Kornelia Blaşkaya (Niderland) uduzan Tatyana Varantsova təsəlliverici görüşə qatılıb. Lakin o, öndə olduğu dueldə Suzanna Seykariuya (Rumıniya) məğlub olaraq, medal şansını itirib.

57 kq
Avropa çempionatının bürünc mükafatçısı Alyona Kolesnik Qreys Yakob Bullenə uduzsa da, norveçlinin finala yüksəlməsi səbəbindən 3-cü yer uğrunda görüşə çıxıb. Təmsilçimiz belaruslu İrina Kuraçkina ilə üz-üzə gəlib. Rəqib 4:1 hesabı ilə qalib gəldiyindən Kolesnik yarışı medalsız bitirib. 

62 kq
İlk görüşündə Aurora Kampanyadan (İtaliya), daha sonra Mariana Sastindən (Macarıstan) üstün olan, lakin yarımfinalda Yuliya Ostapçukla (Ukrayna) bacarmayan Tatyana Omelçenko da bürünc medal üçün güləşib. Veranika İvanova (Belarus) ilə üz-üzə gələn təmsilçimiz 4:0 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.

65 kq
1/4 finalda finlandiyalı Petra Maarit Olli, yarımfinalda Mariya Kuznetsovanı (Rusiya) məğlub edən Avropa çempionumuz Elis Manolova ardıcıl 3-cü dəfə finalda güləşib. Milliləşdirilmiş legioner ikinci titulunu qazanmaq üçün həmyerlisi Mimi Nikolova Xristova (Bolqrıstan) ilə qarşılaşıb. 3:6 hesabı ilə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib. 

Beləliklə, qadın güləşçilərdən ibarət Azərbaycan Avropa çempionatını başa vurub.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Sərbəst güləş üzrə komandamızın heyətində isə Ağahüseyn Mustafayev (70 kq) finala yüksəlib, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Çempionat fevralın 16-da bitəcək.