20:53 14-02-2020
news_image
1420
DÖYÜŞ NÖVLƏRİ

Ağahüseyn Mustafayev finalda, Cəbrayıl Həsənov uduzdu

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk gündə 5 çəki dərəcəsi üzrə (57, 65, 70, 79 və 97 kq) ilkin görüşlər olub.

Bu çəkilərin hər birində çıxış edən Azərbaycan millisi üzvlərindən biri finala yüksəldiyi halda, üçü bürünc medal şansını qoruyub. 

57 kq
Əfqan Xaşalovun startı uğurlu alınıb. O, 1/8 finalda Fransa təmsilçisi Valentin Damuru vaxtından əvvəl məğlub edib (11:0). Lakin idmançımız növbəti mərhələdə Herst Lehr səddinə "ilişib". Almaniyalı rəqibinə 2:8 hesabı ilə uduzan Xaşalov yarımfinala yüksələ bilməyib. Lehr isə növbəti görüşündə özü də uduzduğu üçün güləşçimiz Avropa çempionatı ilə vidalaşıb.

65 kq
Əli Rəhimzadə yarışa 1/8 finaldan qoşulub. Dünya və Avropa çempionu Vladimir Xinceqaşvili (Gürcüstan) ilə üz-üzə gələn pəhləvanımız rəqibinə heç bir şans verməyib. 7:0 hesablı qələbə onu 1/4 finala daşıyıb. Rəhimzadə bu mərhələdə əzmkar qələbəyə sevinib. Rumıniyalı George Bukurdan güclü olan pəhləvanımız yarımfinalda Nyurqun Skryabin (Belarus) önünə çıxıb. Qələbə seriyasını davam etdirə bilməyən həmyerlimiz 1:5 hesabı ilə uduzub. O, bürünc medal uğrunda görüşdə Maksim Sakultan (Moldova) - İsmayıl Musukayev (Macarıstan) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək. 

70 kq
Təsnifat mərhələsindən yarışa qoşulan Ağahüseyn Mustafayevin ilk rəqibi ermənistanlı Gevorq Mxeyan olub. Pəhləvanımız görüşün əvvəlində 0:8 hesabı ilə geri düşməsinə baxmayaraq, dönüş etməyi bacarıb və əzmkar qələbəyə sevinib - 15:8. Onun 1/8 finaldakı qurbanı belaruslu Viktor Sereda olub. Xalçanı 8:2 hesablı qələbə ilə tərk edən idmançımız 1/4 finalda da Aleksey Borutu (Ukrayna) üstələyərək, yarımfinala adlayıb - 5:2. Ağahüseyn finala vəsiqə uğrunda Mixail Sava (Moldova) ilə güləşib. O, bu dəfə də 5:2 hesabı qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada Maqomedmurad Hacıyevi (Polşa) sınağa çəkəcək. 

79 kq
Üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov təsnifat mərhələsində Gürcüstan idmançısı Nika Kentçadzeni çətinliklə üstələyib. Yalnız son saniyələrdə hesabı bərabərləşdirən (3:3) yığmamızın kapitanı 1/8 finala adını yazdırıb. Həsənov bu mərhələdə Omaraskab Nazmundinova da eyni ssenari ilə qalib gəlib. Rumıniyalı ilə qarşılaşma 8:8 bitsə də, mərhələ adlayan tərəf idmançımız olub. O, 1/4 finalda Ermənistan güləşçisi Arman Avaqyana da heç bir şans verməyib - 8:4. Bu qələbə Həsənovu yarımfinala daşıyıb. Cəbrayıl növbəti dəfə finala yüksəlmək üçün Maqomed Ramazanovla (Rusiya) üz-üzə gəlib. Qarşılaşma 4:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Güləşçimiz 3-cü yer uğrunda görüşdə Batuhan Demircin (Türkiyə) - Axşarbek Qulayev (Slovakiya) cütünün qalibi ilə qüvvəsini sınayacaq. 

97 kq
Nurməhəmməd Hacıyev ilk görüşünü 1/8 final çərçivəsində keçirib. 24 yaşlı güləşçi qitə çempionu Pavel Oleynikdən (Macarıstan) güclü olub - 7:2. Hacıyev 1/4 finalda dünyanın ən titullu idmançılarından sayılan Olimpiya, dünya və Avropa çempionu Əbdülrəşid Sadulayevlə (Rusiya) bacarmayıb. Daha təcrübəli rəqib 10:4 hesablı qələbə ilə mərhələ adlayıb. Rəqib finala yüksəldiyindən təmsilçimiz təsəlliverici görüşdə Maqomedqadci Nurov (Makedoniya) - İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi ilə gücünü yoxlayacaq. 

Təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah olacaq. 

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz qitə birinciliyini 6 medalla başa vurublar. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc mükafata yiyələniblər. Qadın güləşçilərimiz isə hələ ki, medal qazanmayıblar.