20:35 15-02-2020
news_image

Avropa çempionatı: Son gündə ümid "bürünc"ə qaldı - YENİLƏNİB

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatında ilkin görüşlər başa çatıb. 

Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilər son 5 çəki dərəcəsində medallara iddiaçıları müəyyənləşdiriblər. 

Azərbaycan millisinin üzvləri hər bir çəki dərəcəsində təmsil olunublar. Pəhləvanlarımızdan dördü təsnifat, biri 1/4 finaldan mərhələsindən mübarizəyə qoşulub. Lakin heç bir güləşçimiz finala yüksəlməyi bacarmayıb. Buna baxmayaraq, yığmamızın üzvlərinin 3-cü yeri tutmaq şansları davam edir. İntiqam Vəlizadə son gündə bürünc medal uğrunda yarışacaqsa, digərləri təsəlliverici görüşdə mübarizə aparacaqlar. 

Avropa çempionatı
Sərbəst güləş
61 kq

Yığmamızın gənc pəhləvanı İntiqam Vəlizadə Avropa çempionatına 1/4 finaldan başlayıb. O, debüt görüşündə türkiyəli Hamza Alaca üzərində 9:5 hesablı qələbə qazanaraq, yarımfinala yüksəlib. İntiqam final vəsiqə uğrunda Beta Lomtadze ilə güləşib. Gərgin mübarizə şəraitində keçən dueldə gürcüstanlı 2:1 hesabı ilə qalib gəlib. Finala çıxa bilməyən Vəlizadə bürünc medal uğrunda yarışacaq. O, təsəlliverici qarşılaşmada üz-üzə gələcək Nikolay Oxlopkov (Rumıniya) - Leomid Kolesniç (Moldova) görüşünün qalibi ilə güləşəcək.

74 kq
Ondan fərqli, Hacımurad Hacıyev birinciliyə təsnifat mərhələsindən start verib. Gənc güləşçilər arasında dünya çempionatının bürünc mükafatçısı Patrik Kriştof Olenji (Polşa) önündə çətinlik çəkməyib. Hacıyev vaxtından əvvəl qalib gələrək 1/8 finala yüksəlib. Lakin yığmamızın üzvü bu mərhələdə özü eyni aqibətlə üzləşib. O, Frank Markeslə (İtaliya) dueldə 0:5 hesabı ilə geridə olarkən zədələnərək mübarizəni davam etdirə bilməyib. İtaliya idmançısı finala yüksəldiyindən, Hacımurad təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Onun rəqibi türkiyəli Soner Dəmirtaş olacaq.

86 kq
Abubakr Abakarovun da ilk qarşılaşması təsnifat mərhələsinə təsadüf edib. Gənclər arasında Avropa çempionu titulunu qazanan idmançı İvars Samusonoksa heç bir şans verməyib. Latviyalı rəqib heç 2 dəqiqə müqavimət göstərə bilməyib və Abakarov 1/8 finala yüksəlib. Lakin idmançımız burada Rusiya təmsilçisi Artur Nayfonova yenilib - 2:8. Nayfonovun finala qədər irəliləməsi Abakarova bürünc medal qazanmaq şansı yaradıb. İdmançımız təsəlliverici görüşdə Axmed Maqamayevlə (Bolqarıstan) qüvvəsini sınayacaq.

92 kq
Milliləşdirilmiş legioner Aslanbek Alborov da yarışa təsnifat mərhələsindən qoşulub. Dünya çempionatının 29 yaşlı bürünc mükafatçısı ilk görüşündə Bendequz Totu (Macarıstan) vaxtından əvvəl məğlub etməyi bacarıb. Bu qələbə Alborovu 1/4 finalda türkiyəli Süleyman Karadənizə rəqib edib. Lakin türkiyəli önündə özü eyni aqibətlə üzləşib və vaxtından əvvəl döşəyi məğlub tərk edib. Karadənizin finala adlaması səbəbindən Alborovun 3-cü yerə iddiası davam edir. Güləşçimiz təsəlliverici görüşdə Simone Yannattoni (İtaliya) ilə mübarizə aparacaq.

125 kq
Komandamızın ən təcrübəli güləşçilərindən olan Camaləddin Məhəmmədov startda Bosniya və Herseqovina güləşçisi ilə qarşılaşıb. Dünya və Avropa çempionatının mükafatçısı olan pəhləvanımızın qarşısında Elhad Hukiç təsnifat mərhələsində heç bir dəqiqə dözə bilməyib. Asan qələbə qazanan Camaləddin 1/8 finalda türkiyəli Tanju Gemici ilə münasibətlərini aydınlaşdırıb. Gemici də idmançımıza müqavimət göstərə bilməyib və Camaləddin vaxtından əvvəl qalib gəlib. Ancaq o, 1/4 finalda Robert Baranla bacarmayıb. Vaxtından əvvəl qazanılan üstünlük polşalını yarımfinala daşıyıb. Baran finala yüksəldiyindən, Məhəmmədov təsəlliverici görüşdə iştirak imkanı qazanıb. Pəhləvanımız avstriyalı Yohannes Ludeşerlə münasibətlərinə aydınlıq gətirəcək.

Təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah olacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində isə Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub. 

Sərbəst güləşçilərimizdən isə Ağahüseyn Mustafayev (70 kq) finala yüksəlib, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Çempionat fevralın 16-da bitəcək.