23:38 15-02-2020
news_image

Sərbəst güləşçilərimizdən bir "gümüş", iki "bürünc" - YENİLƏNİB

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün daha 5 çəki üzrə mükafatçılar bəlli olub.

Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilər 57, 65, 70, 79 və 97 kq çəkilərdə medalçıları müəyyənləşdiriblər.

Azərbaycan millisinin üzvləri bu çəki dərəcələrindən 4-də fəxri kürsüyə çıxmağa iddialı olublar. Pəhləvanlarımızdan biri finalda güləşibsə, üçü bürünc medal üçün xalçaya çıxıb. Finalda rəqibinə yenilən Ağahüseyn Mustafayev gümüş medalla kifayətlənib. Əli Rəhimzadə və Cəbrayıl Həsənov isə qitə üçüncüsü olublar. Yalnız Nurməhəmməd Hacıyev bürünc medal uğrunda görüşdə uduzub.

Avropa çempionatı
Sərbəst güləş
65 kq

Vladimir Xinceqaşvili (Gürcüstan) və George Bukura (Rumıniya) qalib gələn Əli Rəhimzadə yarımfinalda Nyurqun Skryabinə (Belarus) uduzduğundan, sonuncu isə finala yüksəldiyindən bürünc medal uğrunda yarışıb. Onun rəqibi İsmayıl Musukayev (Macarıstan) olub. Başabaş mübarizə şəraitində keçən görüşün son saniyələrində Rəhimzadə hesabı bərabərləşdirib - 2:2. Son xalı təmsilçimiz qazandığından, bürünc medala layiq görülüb.

70 kq
Ardıcıl olaraq, Gevorq Mxeyan (Ermənistan), Viktor Sereda (Belarus), Aleksey Boruta (Ukrayna) və Mixail Savaya (Moldova) qalib gələn Ağahüseyn Mustafayev final qarşılaşmasına çıxıb. Güləşçimiz həlledici görüşdə Maqomedmurad Hacıyevlə (Polşa) sınağa çıxıb. Rəqibinə 0:2 hesabı ilə yenilən Ağahüseyn gümüş medalla kifayətlənib.

79 kq
Üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov Nika Kentçadze (Gürcüstan), Omaraskab Nazmundinov (Rumıniya) və Arman Avaqyana (Ermənistan) qalib gəldikdən sonra yarımfinalda Maqomed Ramazanova (Rusiya) uduzub. Finalın bir addımlığında büdrəyən millimizin kapitanı 3-cü yer uğrunda yarışıb. O, bürünc medal görüşündə Batuhan Dəmircindən güclü olub. 5:4 hesablı çətin qələbə qazanan Həsənov aktivinə "bürünc" yazdırıb.

97 kq
Nurməhəmməd Hacıyev Pavel Oleynik (Macarıstan) üzərində qələbə qazansa da, Əbdülrəşid Sadulayevlə (Rusiya) dueldən məğlub ayrılıb. Sonuncu finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə Maqomedqadci Nurovla (Makedoniya) güləşib. Gərgin keçən görüşdə Hacıyev 7:4 hesablı qələbə qazanaraq, mübarizəni davam etdirib. O, bürünc medal uğrunda Elizbar Odikadze (Gürcüstan) ilə qarşılaşıb. Gərgin alınan görüşdə idmançımız 2:3 hesabı ilə məğlub olaraq, Avropa üçüncülüyü şansını əldən verib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində isə Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub.