10:26 15-02-2020
news_image
236
FUTBOL

"Çelik"in mənimlə maraqlandığını bilirəm" - Cavid İmamverdiyev

"Çelik"in mənimlə maraqlandığını bilirəm. Ancaq hazırda "Sabah"la müqaviləm var. Bu dəqiqə yalnız komandamın qarşıdakı oyunlarına köklənmişəm, başqa məsələlər haqda düşünmürəm".

Bunu apasport.az saytına "Sabah"ın futbolçusu Cavid İmamverdiyev deyib. 

Bosniya və Herseqovina klubu "Çelik"ə keçid imkanı olsa da, yarımmüdafiəçi müqaviləsi olduğuna görə "Sabah"da qalıb. O, komandasının qış fasiləsindən sonrakı oyunları haqda danışarkən, çıxışlarına qiymət vermək istəməyib: "Qış toplanışını yaxşı keçmişdik. Çox istəyərdik ki, çempionatın ikinci yarısına qələbə ilə başlayaq. Təəssüf ki, "Zirə" ilə oyunda istədiyimiz nəticəni qazana bilmədik. Amma "Qəbələ" ilə oyundan qələbə ilə ayrılmağı bacardıq. Həm "Zirə", həm də "Qəbələ" yaxşı oyunçulara malikdilər. Hər iki komanda da bizim kimi avrokuboklara oynayır. Çıxışımızın qənaətbəxş olub-olmadığını mövsümün sonunda görəcəyik".

"Sabah" Premyer Liqanın XVII turu çərçivəsində "Sumqayıt"la qarşılaşacaq. İmamverdiyev bildirib ki, oyunda əsas hədəfləri 3 xal qazanmaqdır: "Sumqayıt" yaxşı oyunçulara malik, döyüşkən komandadır. Hazırda da dördüncü pillədə qərarlaşıblar. Rəqiblə xal fərqimizi azaltmaq üçün bu oyunda üç xal bizim üçün vacibdir. Hər oyuna xüsusi motivasiya ilə çıxıram. Amma bunda rəqibin kimliyi o qədər də rol oynamır. Əsas olan komandamızın qələbəsidir".

29 yaşlı futbolçunun sözlərinə görə, ilk yarıda istədikləri nəticələri qazana bilməsələr də, məqsədləri dəyişməz qalıb: "Təəssüf ki, qışa qədər istədiyimiz nəticəni qazana bilmədik. Amma mübarizəni davam etdiririk. Hələ heç nə itirməmişik, sona kimi mübarizə aparacağıq. Məqsədimiz də dəyişməz qalıb. Mövsüm sonunda buna nə dərəcədə nail olduğumuzu görəcəyik. Biz sona kimi mübarizə aparacağıq".