14:04 15-02-2020
news_image
213
DİGƏR NÖVLƏR

Azərbaycan Triatlon Federasiyası ön sıralarda

Belarusun Minsk şəhərindəki Milli Olimpiya Komitəsində Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Beynəlxalq Triatlon Federasiyasının bu idman növünün inkişafı ilə bağlı açıqladığı hesabatda Azərbaycan idmanın bu növündə inkişaf etməkdə olan ölkələr arasında ön sıralarda qərarlaşıb.

Beynəlxalq Triatlon Federasiyasının prezidenti xanım Marisol Kasado çıxışında yeniliklərə toxunaraq bildirdi ki, Tokio Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq estafet üzrə yarışlar keçiriləcək. Triatlonda yeniliyin bununla bitmədiyini bildirən prezident 4 ildən sonra Fransada gerçəkləşəcək Olimpiya Oyunlarında idmançıların ilk dəfə olaraq super sprint kateqoriyasında da medal uğrunda mübarizəyə qoşula biləcəklərini söyləyib.

Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinə ölkəmizdə bu idman növündə görülmüş işlərlə bağlı məlumat verərkən ilk olaraq triatlonun respublikamızda daha geniş yayılması üçün atılan addımlar və son illərdə qazanılan uğurlardan danışıb. Azər Məhərrəmov mediaya açıqlamasında bir sıra Avropa Triatlon Federasiyalarının prezidentləri ilə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə görüşlər keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, konfransda Belarusun İdman və Turizm naziri Sergey Kovalçuk, Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və bu idman növünə cavabdeh digər rəsmilər də iştirak edirlər.