18:12 15-02-2020
news_image
153
FUTBOL

Maqaye Qeye: "Onun ixtiyarındayam" - MÜSAHİBƏ

"Çox yaxşı hesabdır. Amma nəzərə alaq ki, komanda üzərinə düşəni etdi".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın hücumçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə" ilə keçirilən qarşılaşmadan sonra deyib.

Komandasının 6:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada qollardan birinə imza atan fransalı forvard təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Bir qol vurdunuz və daha bir neçə dəfə də fərqlənə bilərdiniz. Bu qol özünəinam baxımından önəmli rol oynaya bilərmi?
- Şübhəsiz ki, istənilən qol adama özünəinam yaradır. Üstəlik, mənim müntəzəm oynamaq imkanı qazanmadığımı da nəzərə almaq lazımdır. Bu qol mənim üçün çox önəmlidir.

- Çox oynamamağınız nə ilə əlaqədardır? Rəqabətdə Mahir Emreliyə uduzursunuz?
- Son söz sahibi baş məşqçidir. Biz onun qərarlarına hörmətlə yanaşırıq. Onun ixtiyarındayam, nə vaxt ehtiyac yaranarsa, öz işimi görəcəyəm.

- "Qarabağ"da özünüzü tapa bildinizmi, yoxsa hələ də uyğunlaşma problemi yaşayırsınız?
- Təbii ki, hər kəs hücumçudan qol gözləyir. Üstəlik, Türkiyədə yaxşı mövsüm keçirdikdən sonra bura gəlmişdim. Liqalar arasında səviyyə fərqli olur, uyğunlaşmağa ehtiyac yaranır. Buna baxmayaraq, hər zaman əlimdən gələni eləməyə çalışıram.

- Mövsümün sonunda qərarınız necə olacaq: "Qarabağ"da qalacaqsınız, yoxsa yeni komanda axtarışına başlamısınız?
- "Qarabağ"da çox xoşbəxtəm. Həm klub, həm komanda yoldaşlarım, bir sözlə, hər şey ürəyimcədir. Həm də klubla birillik müqaviləm qalır.

- Çoxları "Qarabağ"ı artıq çempion kimi görür. Siz bu barədə nə düşünürsünüz?
- Futbolda necə olacağı öncədən bilinmir. Bəzən elə olur ki, eniş yaşayırsan və digər komandalar səni haqlayır. Qarşıda hələ çox oyunlar var. Həmin matçlarda da bugünkü kimi, öz işimizi görməliyik.