23:45 16-02-2020
news_image
1039
DÖYÜŞ NÖVLƏRİ

2 qızıl, 2 gümüş və 9 bürünc medal - Avropa çempionatında

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı başa çatıb. 
 
Apasport.az saytının məlumatına görə, yarışın son günündə sərbəst güləşçilər axırıncı 5 çəki dərəcəsində medalçıları müəyyənləşdiriblər. 

Azərbaycan millisinin üzvləri finala yüksələ bilmədiyindən üçüncü yer uğrunda mübarizə aparıblar. Güləşçilərimizdən ikisi - Aslanbek Alborov və Camaləddin Məhəmmədov bürünc medal əldə ediblər. 
 
Avropa çempionatı
Sərbəst güləş
61 kq

Yığmamızın gənc pəhləvanı İntiqam Vəlizadə türkiyəli Hamza Alacaya qalib gəlsə də, yarımfinalda gürcüstanlı Beta Lomtadzeyə məğlub olub. Finala çıxa bilməyən Vəlizadə bürünc medal uğrunda da Nikolay Oxlopkova (Rumıniya) 1:3 hesabı ilə uduzaraq, mükafatsız qalıb.

74 kq
Polşalı Patrik Kriştof Olenjini (Polşa) məğlub edib, italiyalı Frank Markesə (İtaliya) uduzan Hacımurad Hacıyev təsəlliverici görüşdə qüvvəsini sınamalı idi. Lakin onun türkiyəli Soner Dəmirtaşla görüşü baş tutmayıb. Bir gün öncə Frank Markeslə dueldə qolu sınan güləşçimiz bu səbəbdən xalçaya çıxa bilməyib. Nəticədə Dəmirtaş mərhələ adlayıb.

86 kq
İvars Samusonoksa (Latviya) qalib gəldikdən sonra Artur Nayfonova (Rusiya) uduzan Abubakr Abakarov təsəlliverici görüşə qatılıb. O, Axmed Maqamayevlə (Bolqarıstan) qüvvəsini sınayıb. Görüş 4:4 hesabı ilə nəticələnsə də, bolqarıstanlı qalib elan olunub və idmançımız medal qazanmaq şansı əldən verib.

92 kq
Milliləşdirilmiş legioner Aslanbek Alborov da təsəlliverici görüşə çıxıb. Bendequz Totu (Macarıstan) məğlub etdikdən sonra Süleyman Karadənizlə (Türkiyə) bacarmayan güləşçi rəqibi finala yüksəldiyindən bu dəfə Simone Yannattoni (İtaliya) ilə mübarizə aparıb. Vaxtından əvvəl qələbə qazanan təmsilçimiz bürünc medal görüşünə çıxıb. Güləşçimiz burada gürcüstanlı İrakli Mtsituri üzərində 2:0 hesabı ilə qalib gələrək, aktivinə bürünc medal yazdırıb.

125 kq
Komandamızın ən təcrübəli güləşçilərindən olan Camaləddin Məhəmmədovun da bürünc medal şansı davam edib. Elhad Hukiç (Bosniya və Herseqovina), Tanju Gemici (Türkiyə) ilə dueldən qalib ayrılan ağır çəkili pəhləvan Robert Barana (Polşa) uduzduğundan və sonuncu finala yüksəldiyindən təsəlliverici görüşdə iştirak imkanı qazanıb. O, avstriyalı Yohannes Ludeşerlə dueldən qalib ayrılıb - 5:1. Camaləddin 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Levan Berianidze ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatsa da, son xalı alan idmançımız qalib elan edilib. Bununla Cəmaləddin 4-cü dəfə Avropa çempionatının bürünc medalına yiyələnib.

Bir gün öncə isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala sahib olublar.

Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini 5 medalla (1 gümüş, 4 bürünc) başa vurub. Bu, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən son Avropa çempionatı ilə müqayisədə çox aşağı göstəricidir. Çünki həmin vaxt yığmamız 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

Qitə birinciliyinə 28 güləşçi ilə yollanan Azərbaycan millisinin ümumi medal sayı isə 13 olub - 2 qızıl, 2 gümüş, 9 bürünc. Yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub.