22:04 16-02-2020
news_image
207
FUTBOL

Mamadu Mbodj: "Çempion olmaq istəyirik" - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi"nin "Keşlə" üzərində qazandığı 3:1 hesablı qələbədə 1 qolla pay sahibi olan müdafiəçi Mamadu Mbodj təəssüratlarını bölüşüb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran seneqallı müdafiəçi çempion olmaq istədiklərini vurğulayıb.

- Qış fasiləsindən sonra ilk qələbənizi qazandınız. Bu barədə nə deyə bilərsiniz?
- Olduqca vacib oyun idi. "Keşlə" güclü rəqib idi. Biz tam olaraq oyuna kökləndik və nəticəsi də göz önündədir.

- Lider "Qarabağ"dan 8 xal geri qalırsınız. Uğurlu çıxışın davamı gələcəkmi?
- Bizim məqsədimiz "Qarabağ"a çatmaqdır. Bütün matçlarda qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

- Qış fasiləsindən sonra müntəzəm oynayırsınız və bu gün də qol vurdunuz. Belə demək olarmı ki, Roberto Bordinin gedişinə ən çox sevinənlərdən biri də siz oldunuz?
- Bordinlə heç bir problemim yox idi. O, məni "Neftçi"yə gətirən insanlardan biri olub. Ona lazım olduğumu dedi, bura gətirdi. Sadəcə, bu, seçim məsələsidir. Bordinin vaxtında hərdən oynayırdım. Amma aramızda heç bir problem olmayıb.

- Müdafiəçi olsanız da, yenə qol vurdunuz. Özünüzü necə hiss edirsiniz?
- Qola görə təbii ki, sevinirəm. Düzdür, qol vurmaq mənim işim deyil. Amma vurduğum qollar komandama kömək edirsə, xoşbəxtəm. Burada bəxt amili də var. Kornerdən sonra top başıma gəlir, mən də vururam.

- Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Qəbələ səfərindən nə gözləyirsiniz?
- Biz çempion olmaq istəyirik. Əgər çempionluq relsində olmaq istəyiriksə, hər oyunda qələbə qazanmalıyıq.