14:41 17-02-2020
news_image
364
FUTBOL

Elşad Əhmədov: “Emil Balayevin Premyer Liqa klublarına dönməsindənsə...” - MÜSAHİBƏ

“Sabah”ın sabiq baş məşqçisi, hazırda klubda prezidentin müşaviri vəzifəsində çalışan Elşad Əhmədovun apasport.az saytına müsahibəsi

- “Sabah” qış fasiləsindən sonra keçirdiyi üç oyundan ikisini qalib başa vurub. Yelko Sopiçin işləri qaydasına saldığını demək olar?
- Son üç tura altı xal götürmək yaxşı nəticə hesab olunmalıdır. Müdafiədə komanda komplektləşib. Həm də komanda son iki oyunda beş qol vurubsa, elə hücumda da işlərin düzgün getdiyini demək olar. 

- Sizin baş məşqçi işlədiyiniz vaxtla müqayisədə “Sabah”da nələr dəyişib?
- Əslində həmin zamanda da, indi də klubda heç bir narahatçılıq yox idi. Oyun cəhətdən soruşursunuzsa, biz mövsümün əvvəlində yeni uşaqlarla yığışdıq. Lakin zaman darlığına görə komandanı komplektləşdirə bilmədik. Heyətə yeni qoşulanlar var idi. Sadəcə legionerlərdən gec gələnlər də, uyğunlaşa bilməyənlər də oldu. Bütün bunların fonunda da çətinlik çəkdik. Yəni vaxtımız çatmadı. Amma klubda heç vaxt heç bir problem olmayıb.

- “Sabah” qış fasiləsində bir neçə transfer həyata keçirdi. Necə düşünürsünüz, yeni gələnlərlə birlikdə komanda mövsüm sonunda istədiyi avrokuboka vəsiqəni əldə edə biləcək?
- Mən bundan əvvəlki heyətlə də deyirdim ki, komandamız 1-4-cü yerlər arasında yer tutmağa qadirdir. Qışda da komandaya yeni oyunçular gəlib. Məncə, dəyişikliklərin hamısı müsbət tərəfədir. 

- Yəni Marko Deviçin qayıdışı, Yevgeni Koçukun “Səbail”i “Sabah”a, Xulio Rodriqesin “Zirə”ni “Sabah”a dəyişməsi faydalı olacaq?
- Transferlər müsbətə doğrudur. Koçuku o vaxtı mən də komandaya gətirmək istəyirdim, yəni planımızda var idi. Deviçi də saxlamağı planlaşdırırdım, sadəcə alınmadı, Serbiyaya getdi. Rodriqes də çempionatdakı yaxşı forvardlardan biridir. 

- Artıq Ramil Şeydayevin də komandaya keçdiyi bildirilir. Necə düşünürsünüz, milli üzvü “Sabah”da uğurlu ola biləcəkmi?
- İndi də Ramil Şeydayev gəlib, “Sabah”a yeni qan, yeni nəfəs verəcək. Onun millidəki oyunlarında nəyə qadir olduğunu görmüşük. Məncə, “Sabah” mövsüm sonunda “dördlük”də olmağa layiqdir.

- Şeydayevin “Sabah”a keçidi klubu gücləndirə bilər. Bəs bu transfer onun karyerasına hansı xeyri verəcək?
- Baş məşqçi olduğum vaxtda da onun komandamıza gəlməsi söhbəti var idi. Moskva “Dinamo”suna getdi. Şəxsən mən Ramilin Azərbaycana qayıtmağını istəməzdim. Təkcə onun yox, həm də Emil Balayevin Premyer Liqa klublarına dönməsindənsə, legioner həyatı yaşamalarını arzulayardım. Amma komandasız qaldığı vaxtda “Sabah”ın Ramilə sahib çıxmasını da anlayışla qarşılamaq lazımdır. 

- Komandada hücumçuların sayı az deyil. Şeydayev əsas heyətdə hansı mövqedə oynayacaq?
- Ramil 9 nömrə mövqeyində daha güclü oynayır. Komanda iki hücumçu ilə oynayanda da, son forvard kimi mübarizə apara bilər. Hər şey baş məşqçinin qərarından asılı olacaq.