10:08 18-02-2020
news_image
352
TOKİO-2020

İrina Zaretska: “Yuxuda da Olimpiadanın qızılını necə qazanacağımı görürəm” - MÜSAHİBƏ

Azərbaycan karateçisi İrina Zaretska (67 kq) moscow-baku.ru saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi üçün Tokio-2020 Yay Olimpiya Oyunları üçün 12-ci lisenziyanı qazanan milliləşdirilmiş legioner yığmamızdakı uğurundan və gələcək planlarından danışıb.  

- Öncədən Tokio-2020-yə vəsiqə qazanmışdınız, yoxsa Premyer Liqa turnirindəki bürünc medal buna kömək oldu?
- Topladığım xallar əvvəldən Olimpiadaya vəsiqə qazanmağım üçün kifayət edirdi. Bəlkə də bu amil turnirdə qızıl yox, bürünc medal əldə etməyimə səbəb oldu. Misir karateçi ilə görüşdə bilirdim ki, lisenziyanı 100 faiz təmin etmək üçün mütləq finala yüksəlməliyəm. Buna görə əsəbiləşdim və taktikanı dəyişə bilmədim. 0:4 hesabı ilə məğlub oldum və çox üzüldüm. Ancaq xalları hesabladıqdan sonra başa düşdüm ki, bununla da Olimpiadaya vəsiqə almışam. İnanılmaz hisslər keçirdim. Bu, arzum idi və gerçəkləşdi. Ümid edirəm ki, Rafael Ağayev də bizi çox gözlətməyəcək və Olimpiadaya lisenziya qazanacaq. Mən ona azarkeşlik edirəm.

- Olimpiadaya harada və necə hazırlaşacaqsınız?
- Odessada məşqçimlə və Bakıda milli komanda ilə məşq edirəm. Ən yaxşı forma yığmaq üçün müntəzəm məşqlər edirik. Bakıdakı idman zalını çox sevirəm, burada bizim üçün hər cür şərait var. Əlbəttə, həmişə Bakıda ola bilmərəm, Odessada ailəm var. Ancaq uğurlu nəticələr üçün bütün imkanlardan istifadə edirəm. Ən yüksək idman podiumlarına çıxmaq əlavə motivasiya verir.

- Siz Azərbaycan millisinin liderisiniz. Komandanızı digər yığmalarla necə müqayisə edərdiniz?
- Azərbaycanın həm böyüklər, həm də gənclərdən ibarət yığması dünyanın ən güclü komandalarından biridir. Məsələn, Avropa çempionatında əla nəticələr göstərdik. Eyni gündə gənc oğlanlarımız üç qızıl medal qazandılar. Bu sehrli idi. Digər bir nümunə ondan ibarətdir ki, komandamızın bütün çəki dərəcələrində ölkənin ən güclüləri cəmləşib. Hər ölkə “Grand Winner”i qazanan iki karateçi ilə öyünə bilməz. Ancaq Azərbaycan millisi bunu bacarır bilər. Bu titul məndə və Rafael Ağayevdə var. Bir də Türkiyənin iki belə idmançısı var. Yalnız Azərbaycan və Türkiyə. Biz bununla fəxr edirik.

- 2015-ci ildə Azərbaycan yığmasında iştirak etmək təklifini qəbul etdiniz. Elə bir an olubmu ki, vətəndaşlığı dəyişdiyiniz üçün peşmanlıq hissi keçirmisiniz?
- İlk vaxtlar burada necə qəbul olunacağımla bağlı hiss var idi. Ancaq göstərdiyim nəticələr sayəsində bu gün Azərbaycanda insanlar məni çox sevirlər, dəstəkləyirlər və mənə inanırlar. Azərbaycanda özümü tam olaraq idmana həsr edə bilirəm.

- Azərbaycan himnini artıq bilirsiniz. Azərbaycan mədəniyyətindən və adət-ənənələrindən başqa nələri bilirsiniz və bəyənirsiniz?
- Azərbaycan çayı mənim sevgimdir. Bakıya gələndə mütləq ağ albalı mürəbbəsi ilə çay içirəm. Tez-tez Bakıda oluram. İldə səkkiz dəfə, 1-2 günlük və ya iki həftəlik gəlirəm. Fevral ayında artıq iki dəfə burada milli ilə məşq etmişəm. Martın sonlarında Bakıda Avropa çempionatı olacaq. Ev tamaşası üçün gələcəyəm.

- Bakıda ziyarət etdiyiniz sevimli yerləriniz varmı?
- Bəli, bu, idman zalıdır (gülür). Bulvardan xoşum gəlir, gəzinti yerlərində oluram. Dənizi çox sevirəm, axı Odessadanam. Bakı ikinci doğma şəhərimdir və ürəyim həmişə buradadır.

- Yəni Bakıya köçə bilərsiniz?
- Bilmirəm. Avqusta qədər Olimpiada həyəcanı ilə yaşayacağam. Ancaq yaxşı təklif olarsa, hər şey mümkündür.

- Tokio Olimpiadası öncəsi əhvalınız necədir?
- Hamı medal istəyir və mən də istisna deyiləm. Yatanda belə, hər dəfə yuxuda Olimpiadanın qızıl medalını necə qazanacağımı görürəm (gülür). İdmançıyam, başqa nə iləsə özümü kökləyə bilmərəm. Biz orada ən yaxşı nəticəni qazanmaq üçün çalışacağıq.