14:31 19-02-2020
news_image
1747
FUTBOL

“O, əla motivatordur” - De Byazinin namizədliyi haqda

“De Byazinin rəhbərliyi altında Albaniya yığmasında beş il oynamışam”.

Bunu apasport.az saytına “Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli deyib.

38 yaşlı sol cinah müdafiəçisi 2011-2017-ci illərdə Albaniya yığmasında başçılığı altında oynadığı Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postuna namizədliyini dəyərləndirib. Hazırda ABŞ-ın “Nyu York Kosmos” klubunda çıxış edən Aqolli italiyalı mütəxəssisin yığmamıza xeyir verə biləcəyini düşünür: “De Byazi oyunçuları tez bir zamanda tanıdı və istədiyi sistemi otuzdura bildi. Elə məhz onun gətirdiyi sistem sayəsində Albaniya yığması tarixində ilk dəfə Avropa çempionatı kimi möhtəşəm turnirin final mərhələsinə qatıldı. Üstəlik, De Byazi ilə Ermənistanı iki dəfə udmuşduq, evdə 2:1, səfərdə 3:0. O, çox intizamlı məşqçidir, futbolçularla böyük istəklə işləyir. De Byazi düşüncəmizi dəyişdi, komandaya qələbə ruhu gətirdi. Qarşımızdakı rəqibin fərqi yox idi, meydana ancaq qalib gəlmək üçün çıxırdıq. O, həmçinin əla motivatordur. İtaliyalı Albaniyada həm məşqçi, həm də insan kimi böyük nüfuza sahibdir. Hər kəslə əla münasibəti var”.

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə ölkəmizdə “Qarabağ”ın şərəfini qoruyub.