08:53 20-02-2020
news_image
598
TOKİO-2020

Azərbaycan Tokio-2020-yə 13-cü lisenziyanı qazandı

Azərbaycan atleti Nazim Babayev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı Avropa çempionu Qış Dünya Turunun Lyevin mərhələsində bu hüquqa yiyələnib. 

Üçtəkanla tullanma növündə 17,15 m nəticə göstərən atlet gümüş medal qazanmaqla, Olimpiya normativini də yerinə yetirib. 

Bununla da Tokio-2020-yə lisenziya qazanan Azərbaycan idmançılarının sayı 13-ə çatıb. Babayevdən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik (50 kq), Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) və karateçi İrina Zaretska (+61 kq) da bu hüquqa yiyələnib. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib. 

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.