12:00 20-02-2020
news_image
983
FUTBOL

“O, ciddi işləri sevir” - De Byazinin köməkçisi Azərbaycan variantı haqda

“Covanni De Byazi çox yaxşı məşqçidir. Onunla Albaniya yığmasında işləmişik və necə biri olduğunu yaxşı bilirəm. Azərbaycan millisi üçün də çox iş görə bilər”. 

Bunu apasport.az saytına albaniyalı futbol mütəxəssisi Ervin Bulku deyib.

Albaniya yığmasında Covanni De Byazinin köməkçisi işləmiş veteran futbolçu italiyalı baş məşqçinin Azərbaycan millisinə namizədlər sırasında yer almasına münasibət bildirib. O, 64 yaşlı çalışdırıcının əsas komandamız üçün yaxşı variant olduğunu düşünür: “De Byazi Albaniya millisində tarix yazıb. Yığmamızı ilk dəfə Avropa çempionatına daşıyıb. Onunla tez-tez danışıram. Amma daha çox ailə mövzusunda söhbət edirik. Ona hansı komandalardan təklif olduğunu bilmirəm. Lakin heyətində görmək istəyən kollektivlər çoxdur. Çünki o, işini çox yaxşı bilir. Özü də De Byazi 4-5 aylıq iş sevən biri deyil. O, layihə, proqramı olan yerdə çalışmağı sevir. Yəni ciddi işləri sevir. Nizam-intizamlı biridir, nəticə verir, taktikanı gözəl bilir”. 

2011/2012 mövsümündə AZAL-da oynamış albaniyalı sabiq yarımmüdafiəçi De Byazi ilə birgə Azərbaycan millisində çalışmağa hazır olduğunu da deyib: “Azərbaycanı, futbolunu yaxşı tanıyıram. Yenidən De Byazi ilə işləyəcəyikmi? Bu haqda indidən danışmaq doğru olmaz. Çünki hələ bu barədə heç nə yoxdur”.