08:59 21-02-2020
news_image
191
FUTBOL

“Onun özünü bu dərəcədə itirəcəyini gözləmirdim” - Zaur Həşimov

“Qarabağ”ın bizdən üstün və favorit olduğunu bilirdik. Onlarla sonuncu görüşümüzdən 1:1 hesabı ilə ayrıla bilmişdik. Bu dəfə belə alındı. Halbuki bu cür olacağını gözləmirdik”.

Bunu apasport.az saytına açıqlamasında “Zirə”nin baş məşqçisi Zaur Həşimov deyib.

Premyer Liqanın XVII turunda “Qarabağ”la matçda komandası 0:6 hesabı ilə uduzan gənc mütəxəssis George Anton da daxil olmaqla bir çox futbolçularının səviyyəsindən aşağı oynadıqlarını deyib: “Qarabağ”la oyunda bir çox futbolçumuz sanki özündə deyildi. Bunu etiraf etmək lazımdır. George Antona gəlincə, o, “Sabah”la qarşılaşmada çox yaxşı təsir bağışlamışdı. Halbuki komandaya oyundan bir həftə əvvəl qoşulub. “Sumqayıt”la görüşdə isə ikinci yarıda da yaxşı mübarizə aparmışdı. “Qarabağ”la oyunda isə Antonun özünü bu dərəcədə itirəcəyini gözləmirdim. Buna baxmayaraq, yaxşı futbolçudur. Moldova yığmasının üzvüdür, neçə illərdir “Şerif”də çıxış edir, təkcə bu mövsüm avrokubokda 6 oyuna çıxıb. Komandamıza xeyri dəyəcək”.

Həşimov “Qarabağ”la oyunda baş hakimi Rəhim Həsənova qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydanda qovulan Cavid Hüseynova İntizam Komitəsi tərəfindən dörd oyunluq cəza verilməsini haqlı hesab edib: “Təbii ki, həmin anda qırmızı vərəqəyə ehtiyac yox idi. Ümumiyyətlə, heç bir futbolçu meydanda söyüş söyməməlidir. Komandamızda yerli futbolçu problemi var. Cəzaya gəldikdə, Cavid Hüseynova haqlı olaraq dörd oyun cəza veriblər. Hər bir futbolçunun olmaması bizim üçün itkidir. Yeni transferlərimiz də hələ ki, adaptasiya keçirlər”.

Premyer Liqanın XVIII turunda “Keşlə” ilə qarşılaşacaq “Zirə” oyunun hazırlıqlarını davam etdirir. Qəsəbə təmsilçisinin baş məşqçisi bu matçda maksimum nəticə üçün çıxacaqlarını söyləyib: 
“Keşlə” oyunun hazırlığı da davam edir. “Qarabağ”la oyundan sonra futbolçularda psixoloji durum düzəlib. 100 faiz yaxşı olduğunu da deməzdim, amma hardasa yaxşılaşıb. Futbolçu elədir ki, zaman keçdikcə, məşqlərlə, danışıqlarla psixoloji durumu düzəltmək olur. Onlara tapşırmışam ki, turnir cədvəli və ya başqa oyunlara çox da diqqət yönəltməsinlər. Maksimum nəticə qazanmaq istəyirik. Bu, “Keşlə” ilə matçda da istisna olmayacaq. Sezar Meza Kollinin bizə qarşı yerli statusda oynayacağı ilə bağlı nəsə eşitməmişəm. Bunun fərqi yoxdur. O, “Keşlə”nin lideridir, yaxşı futbolçudur. Biz öz işimizi görməyə çalışacağıq”. 
39 yaşlı mütəxəssis Sezar Meza Kollinin milliləşdirilməsi ilə yanaşı, yığmamızın baş məşqçi postuna namizədlərdən də söz açıb: “Əgər biz hansısa məqsədlər uğrunda mübarizə aparırıqsa, seçmə mərhələdə 2-3-cü yeri tutmaq, Millətlər Liqasında lider olmaq üçün oynayırıqsa və Sezar Meza Kollinin də buna köməyi dəyəcəksə, niyə də yox? Amma sonuncu pillədə qərarlaşırıqsa, Millətlər Liqasında da uğur qazana bilmiriksə, burada udan yalnız “Keşlə” olacaq. Sezarın yerli kimi oynaması onların özü üçün böyük üstünlük olacaq. Baş məşqçi məsələsinə gəlincə, millimizə yerli mütəxəssis təyin olunsa daha yaxşıdır. Amma Abdullah Avcı və Covanni De Byazi arasında seçim etsək, birinci daha yaxın görünür. Çünki ən azından dilimizi bilir, mentalitetimizə yaxındır. Üstəlik, Türkiyənin sayılıb-seçilən məşqçilərindən biridir”.