14:42 21-02-2020
news_image
5272
FUTBOL

Samir Abasov: “Faciədir, fəlakətdir, sunami Azərbaycana gəlib” - MÜSAHİBƏ

“Zirə”nin sabiq baş məşqçisi Samir Abasovun apasport.az saytına müsahibəsi

- Milli komandanın baş məşqçisi məsələsi hələ də qaranlıq olaraq qalır. Yalnız əcnəbi namizədlərin olduğu deyilib. Sizin yerli mütəxəssis kimi buna münasibətiniz necədir?
- Mən öz sözümdə dururam. Yığmaya yerli məşqçi lazımdır. 30-32 namizədin olduğunu açıqlamaq o demək deyil ki, AFFA onların hamısı ilə danışıq aparır. Yəqin ki, siyahılarında olan ən yaxşıları müsbət cavab vermirlər, gəlmək istəmirlər. Məcburiyyətdən kimisə gətirmələrini heç istəməzdim. Belə əcnəbiyə üstünlük verməkdənsə, yerli məşqçi daha yaxşı olar. Heç kim deməsin ki, yerli bu işi bacarmayacaq. Mən əminəm ki, məcburiyyətdən gətiriləndənsə, özümüzünkü daha uğurlu olar.

- Hazırda əsas üstünlük italyanlara verilir. Almaniya və Xorvatiyadan sonra İtaliya modelinə keçid nə dərəcədə uğurlu alınar?
- Yəqin onların arasında italyanların həvəskarları çoxdur. İtalyandırsa, o demək deyil ki, super məşqçidir. İkinci bir tərəfdən Roberto Bordin amilinə görə də italyanları aşağılamaq olmaz. Onların çox güclü futbol məktəbi var. Bununla razılaşıram. Amma Alleqri, Sarri, Konte kimiləri gəlməyəcək. Kənarda qalanlar italyanların özlərinə yaramayanlardır. Bizim kimi, baş məşqçi axtarışında olan onlarla milli var. Onlar həmin adamlara üz tutmurlarsa, bizim nəyimizə lazım olacaqlar? Əsas sual odur ki, həmin italyan gəlib burada nə edəcək?

- Namizədlər arasına yerli məşqçi salınmayıb. Belə çıxır ki, bizdə o səviyyədə mütəxəssis yoxdur?
- AFFA-da oturan adamlar mənə desələr ki, bizdə məşqçi yoxdur, onların 32 namizədini də birdən otuzduraram qarşımda, sübut edərəm ki, kim daha savadlıdır. Yekəbaşlıq etmirəm, amma belə fikirlər şəxsən mənim xətrimə dəyir. Bizim yerli məşqçimiz Qurban Qurbanov Çempionlar Liqasının qrupuna yüksəlib. Nə Qriqorçuku, nə Bordini, nə də ondan əvvəlkilər bunu bacarıblar. “Qarabağ” illərdir Avropa Liqasının qrupunda müntəzəm çıxış edir. Qurbanova bu vaxtı verdiyi üçün “Qarabağ” rəhbərliyinə medal düşür. Problem ondadır ki, bizdə yerli məşqçilərə inam yoxdur.

- AFFA iki aydır baş məşqçi axtarışındadır. Məgər bu, Azərbaycan futbolunun ən qlobal problemidir ki, belə çox vaxt sərf olunur? Axı bizdə normal futbolçu yoxdur...
- Əlbəttə, qlobal problemdir. Deyirlər ki, Azərbaycanda məşqçi yoxdur, yerli istəmirik. Bu sözləri orda-burda yox, üzümüzə desinlər. “Pro” kateqoriyasını məşqçilərə AFFA yox, UEFA verir. Aldığımız qiymətlər əsasında da buna layiq görülürük. Yerli məşqçinin futbol biliyinin, təcrübəsinin az olması fikri ilə qətiyyən razılaşmıram. Problem ondadır ki, əcnəbi məşqçilər də gəlmək istəmirlər. Məsələn, bir italyan məşqçiyə təklif göndərirlər, adam deyir ki, Azərbaycan yığmasında nə işim var? 2-3 dəfə danışırlar, meneceri vasitəsilə nəsə etməyə çalışırlar, yekunda “yox” deyir. Buna da azı 15 gün vaxt itir. O ki qaldı normal futbolçunun olmaması məsələsinə, kaş siz deyəni onlar da başa düşsünlər ki, bizim əsas problemimiz məşqçi deyil, futbolçudur.

- Elxan Abdullayev U-18 yığmasının baş məşqçisi olmaq təklifini qəbul etməyib və əsas millidə köməkçi işləmək istədiyini bildirib. Siz belə bir təklif alsanız, cavabınız nə olar?
- Mən həmin yaş qrupunu götürmərəm, amma əsas yığmada köməkçi olmaq istəyirəm sözünü də dilimə gətirmərəm. Mənim ambisiyam yalnız baş məşqçi olmaqdır. Aşağı yaş qrupunda işləmərəm. Deyərəm ki, mən orda bacarmaram. Elxan müəllim əgər deyirsə ki, əsas yığmada köməkçi işləmək istəyirəm, deməli, bu cavabın arxasında nələrsə var. Çünki uzun illər əsas millidə çalışıb, federasiyada olub. Orada nəsə var ki, bu cür düşünür.

- “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli milliləşdirilir. Bir futbolçunun vətəndaşlığının dəyişdirilməsi hansı faydanı verəcək?
- Bu məsələni anlayışla qarşılayıram. AFFA əcnəbi məşqçi gətirəcəksə, ona da şərait yaratmalıdır. Meza Kolli heç kimin qohumu deyil, tanışı deyil. AFFA rəhbərliyi də yığmamızın uğurlu çıxışını, qələbələr qazanmasını istəyir. Bunun üçün də yaxşı futbolçuların olmalıdır. İnanın ki, bəzi futbolçular milliyə məcburiyyətdən gətirilirlər. Bu da faciədir, fəlakətdir. Elə bil ki, sunami Azərbaycana gəlib. Oyunçu olmadığına görə, AFFA da məcbur buna əl atır. Heç kim təminat vermir ki, Meza Kolli ilə yığmamız Millətlər Liqasında uğurlu çıxış edəcək. Meza Kollidən üçü olsa da, Slovakiyanı uda bilməyəcəksən. Buna yüz faiz əminəm. Sadəcə, seçim imkanı olsun deyə milliləşmələr edilir. Meza Kolli Azərbaycan çempionatı üçün yaxşı futbolçudur. O olmayanda “Keşlə” çox əziyyət çəkir. Bu futbolçu digərlərindən aşkar seçilir. Amma kənarda nəsə edəcəyinə inanmıram. Məni yandıran odur ki, millimizin oyunları zamanı xarici skautlar özümüzünküləri yox, milliləşənlərə diqqət yetirirlər. Çünki bizimkilər yığmaya çağırılmaqla kifayətlənirlər. Meza Kolli və digərləri isə buradakı oyunu ilə daha yaxşı klublardan təkliflər almağa ümid edirlər. Futbolçularımız paltardəyişmə otağında dava etmək əvəzinə meydanda can qoymalıdırlar ki, AFFA da məcburiyyətdən milliləşməyə əl atmasın.

- Deyirsiniz ki, futbolçularımız milli ilə kifayətlənirlər, legioner həyatı barədə düşünmürlər. Halbuki olan-qalan legionerimiz də ölkəyə qayıdır, Ramil Şeydayev kimi...
- Şeydayev nə qədər bizimkidir, bu da sual altındadır. Çünki “Zenit” məktəbinin yetirməsidir, bura aidiyyəti yoxdur. Şeydayev “Sabah”la müqavilə bağladıqdan sonra deyib ki, xaricdən təklif gələn kimi gedəcəyəm. Nə əcəb bu sözlər klub rəhbərliyinin xətrinə dəyməyib. Qardaş, hələ indi addımını atmısan, camaat sənə inanıb, dünyanın pulunu verib gətiriblər. 3-4 ayda “Sabah” üçün nəsə et, sonra gedərsən də. Ona başqa ölkədən təklif olsaydı, yüz faiz bura gəlməyəcəkdi. Görünür, təklifi olmadığı üçün məcbur qalıb gəlib.