15:10 22-02-2020
news_image
153
FUTBOL

“Azərbaycan klublarının adını görəndə ürəyim fərqli döyünür” - Ərdoğan Arıkan

“Nihat Kahveçinin həyatımda özəl yeri var. Karyeram boyu şərh etdiyim ən gözəl qolu o vurub”. 

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “TRT Spor” kanalının şərhçisi Ərdoğan Arıkan deyib.

Bakıda təşkil olunan “Fərdi inkişaf zirvəsi” seminarına qatılan qonaq bu gün “MidTown” oteldə keçirilən mətbuat konfransında iştirak edib. Ə.Arkan birlikdə tədbirə qatıldığı əfsanəvi futbolçu Nihat Kahveçi ilə yan-yana oturmağın həyəcanlı olduğunu deyib: “Qardaş ölkədə əməkdaşlarımla görüşmək də həyəcanlıdır. Gəldiyimiz andan etibarən bizi gözəl qarşıladılar. Sabah da gənc dostlarımızla təcrübəmizi bölüşəcəyik. Hər birimiz öz sahəmizdə yolu necə qət etdiyimizdən danışacağıq. İlk dəfədir Bakıdayam. Çox gözəl şəhərdir. Bakının imici də belədir. Bakıya gəlmək mənim üçün gec oldu. Çox yerdə olmuşam, heç cür bura gəlməmişdim. Gec olsun, güc olmasın”.

Şərhçi Türkiyə yığmasının yayda keçiriləcək AVRO-2020-nin Bakıda baş tutacağı oyunlarına da toxunub: “Qrupdan çıxmaq uğrunda yarışacağıq. Burda oynamaq çox gözəldir. Rəqibə də müəyyən qədər yer veriləcək. Ev sahibi azarkeşlərini də nəzərə alsaq, stadionun yarıdan çoxunda biz olacağıq. Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir. Hər halda, Türkiyə millisinə də öz yığmaları kimi baxacaqlar. Avropada bizi dəstəkləyən qürbətçilərimiz olub. Amma burada öz evimizdə olacağıq. Bu mənada dəstək daha çox olacaq”.

Ə.Arkan Azərbaycan çempionatını izləyə bilmədiyini qeyd edib: “Çox izləyə bilmirəm. Mustafa Dənizli, Oktay Dərəlioğlunun dönəmində bir neçə oyun bizdə yayımlanmışdı. Həmin vaxt stadionların durumunu yaxşı görməmişdim. İndi necə olduğunu bilmirəm. İndi “Qarabağ” yaxşı gedir. Bir ara “Neftçi” yüksəlişdə idi. “Xəzər Lənkəran” var idi, indi fəaliyyət göstərmir. Avropada Azərbaycan klublarının adını görəndə ürəyim fərqli döyünür. Azərbaycan sanki digər idman sahələrində daha uğurludur. Olimpiya idman növlərində daha uğurludur. Bir az maliyyə məsələsi və futbola baxış tərzi önəmlidir. Azərbaycanlılar keçmişdə SSRİ-nin tərkibində oynayıb. Hətta indi də Rusiya yığmasında azərbaycanlılar oynayırlar. Öz gənclərinə üstünlük vermək və onları yaxşı yetişdirməlidir”.