17:49 22-02-2020
news_image
107
FUTBOL

"Onların gedişi mənfi təsir göstərdi" - Elmar Baxşıyev

“Neftçi” heyətinə görə çempionatın ən güclü kollektivlərindən biridir".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XVIII turunda "Neftçi" ilə keçirilən oyundan sonra deyib.

"Qırmızı qaralar"ın öz meydanında 0:2 hesabı ilə məğlub olduğu matçdan sonrakı mətbuat konfransında komandasının çıxışını dəyərləndirən Baxşıyev razılıq bildirib: "Sonadək mübarizə apardıq. Uduzmağımıza baxmayaraq, əzmkarlıq məni qane etdi. Əvvəlki üç oyunda məğlub olmuşduq. Həmin matçlarda komanda şəklində zəif oynamışdıq. Heyətdəki dəyişikliklərlə istədik ki, yeni nəfəs gətirək. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq. Bu matça qədər oyunlarımıza baxsanız, müsbət cəhətlər çoxdur. Sadəcə, müdafiə planında axsamalar var”.

40 yaşlı çalışdırıcı qış fasiləsində heyətdə baş verən dəyişikliklərə də toxunub: “Hər oyunçu faydalı idi. Oturuşmuş heyətimiz var idi. Onların getməsi də mənfi təsir göstərdi. Yeni gələnlərdən Nikolas Raysel zədəli olduğu üçün bu gün çıxış etmədi. Abdelrafik Jerar bir müddət oynamadığı üçün oyun praktikası toplamalıdır. Onun qarşıdakı turlardan sonra formaya qayıtması gözlənilir. Bunları bilirdik, toplanışda görürdük. Yeni futbolçular bizə gec qoşulduğu üçün optimal oyunumuzu hələ tapa bilmirik. Yarımmüdafiənin mərkəzində də axsayırdıq. “Neftçi” isə burada güclü futbolçulara malikdir. Ona görə müdafiə planını etibarlı etmək üçün İdris İnqilablı və Sadiq Quliyevə üstünlük verdik. Mütəmadi şans əldə etsə, Azərbaycan futbolu İdrisin simasında yaxşı futbolçu qazanacaq”.