18:14 22-02-2020
news_image
117
FUTBOL

"Tapşırığı maksimum yerinə yetirmədilər" - Füzuli Məmmədov

"Oyun tam ürəyimizcə olmadı. İlk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XVIII turunda "Qəbələ" ilə keçirilən oyun barədə danışarkən deyib.

Səfərdə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanı dəyərləndirən Məmmədov uzun məsafə qət edib komandaya dəstək olan azarkeşlərə təşəkkürünü bildirib: "Düşünürəm ki, "Qəbələ” sonuncu yerə layiq deyil. Yaxşı, mobil komandadır. Bu rəqibə qarşı oynamaq bizim üçün asan olmadı. Qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə "çox sağ ol” deyirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq”.

Bakı klubunun çalışdırıcısı narazı qaldığı məqama da toxunub: "Əsas narazı qaldığım məqam bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirməmələridir. Komanda oyuna çox yaxşı başladı. Hesabı açdıq, ardıcıl iki qol vurduq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq yaranır. Bəlkə də, bir az güclərini qorumaq istədilər. Amma qol buraxmamaq üçün sonadək vuruşdular”.