00:00 24-02-2020
news_image
264
FUTBOL

Abdullah Zubir: "Kimisə alçaltmaq fikrim olmayıb" - MÜSAHİBƏ

"Asan oyun olmadı. Əvvəlki matçlarda adət etdiyimiz kimi başlamadıq. Amma tədricən istədiyimiz kimi çıxış etməyə başladıq. İkinci hissə daha maraqlı oldu, çoxluq qol vəziyyətləri yaratdıq. İstənilən halda, bizim üçün çətin oldu".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının XVIII turunda "Sumqayıt"la keçirilən qarşılaşma barədə danışarkən deyib.

Fransalı futbolçu 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qaçırdığınız qol epizodunu necə xatırlayırsınız?
- Futboldur, yaratdığın hər imkanı dəyərləndirmək mümkün olmur. Məsələn, ötən həftə "Zirə" ilə görüşdə ələ düşən bütün fürsətlərdən istifadə etdik. Ancaq bu dəfə yaratdığımız şanslardan yalnız 1-də qol vura bildik. Qarşıdakı oyunlarda hücumları qolla tamamlamaq üçün üzərimizdə işləməliyik.

- Hər oyunda bir epizodda yerdə qalırsınız. Həqiqətən də, zədələ alırsınız, yoxsa bunu vaxt uzatmaq üçün edirsiniz?
- Məndə vaxt aparmaq xasiyyəti yoxdur. Bu dəfə ayağıma zərbə çox güclü oldu. Hətta oyunu davam etdirmək gücündə deyildim. Sonradan məcburiyyətdən meydana girdim. Onsuz da, 10 nəfərlə qalmışdıq. Amma dəhşətli ağrılar keçirdim.

- Əksər hallarda fərdi oyuna üstünlük verirsiniz, rəqibləri aldatmağa çalışırsınız. Bu, özünəinamdır, yoxsa önünüzdəki rəqibə qarşı saymazyana davranış?
- Heç vaxt kimisə alçaltmaq fikrim olmayıb. Bu, uşaqlıqdan bəri alışdığım oyun tərzidir. Qalib gələndə də, uduzanda da hər zaman elə oyunu nümayiş etdirmişəm.