10:47 24-02-2020
news_image
184
FUTBOL

Yığmamız Macarıstan, Slovakiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu il bir neçə yoxlama görüşü keçirəcək.

Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.

41 yaşlı mütəxəssis yığmamızın əvvəlcə mart ayında Macarıstanla qarşılaşacağını söyləyib: “Martın 12-də Bakıda toplaşacağıq, 16-da isə artıq Macarıstanda olacağıq. Yerli komanda ilə ayın 17-də və 19-da yoxlama görüşləri keçirmək planlaşdırılıb. Macarıstanın bu yaş qrupu ötən il dünya çempionatının iştirakçısı olub. Bu baxımdan onlarla qarşılaşmaq bizim üçün çox maraqlıdır”.

Əliyev AVRO-2021-in seçmə mərhələ oyunlarına qədər millimizin hər ay toplaşacağını vurğulayıb. Hətta yoxlama görüşləri keçiriləcək bəzi rəqiblərin adları da məlumdur: “Oktyabrda Avropa çempionatının seçmə mərhələ matçları olacaq. Həmin vaxta qədər hər ay təlim-məşq toplanışımız olacaq. Bəzi aylarda yoxlama görüşündə üz-üzə gələcəyimiz rəqiblər bəllidir. İyunda Bosniya və Herseqovina ilə iki oyun keçirəcəyik. Həmin vaxt Bakıda Avropa çempionatının oyunları olacağı üçün bosniyalıları Qəbələdə qəbul edəcəyik. Bundan başqa, sentyabrda Slovakiya ilə səfərdə yoxlama görüşləri keçirəcəyimiz də dəqiqdir. Digər aylarla bağlı danışıqlar isə davam etdirilir”.

Qeyd edək ki, U-19 millimiz AVRO-2021-in seçmə mərhələsində Fransa, Yunanıstan və Moldova ilə 8-ci qrupda mübarizə aparacaq. Qrup oyunları oktyabrın 7-13-ü aralığında keçiriləcək.