15:24 24-02-2020
news_image
175
FUTBOL

"Uduzmuşuq, faciəyə çevirməli bir şey yoxdur" - Şəhriyar Əliyev

"Qarabağ"la oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçi Ayxan Abbasovun verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Əslində pis oynadıq, sadəcə son nöqtəni qoya bilmədik".

Bunu apasport.az saytına “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyev deyib.

O, Premyer Liqanın XVIII turunda "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib. Komandasının kapitanı vurğulayıb ki, Azərbaycan çempionunun gücünü hamı yaxşı bilir: "Onlar haqda nəsə deməyə ehtiyac yoxdur. Bu mövsüm çempionatda cəmi bir dəfə bizə uduzublar. Budəfəki oyunda da nəticə qazanmağa çalışdıq. Sadəcə bəxtimiz gətirmədi, qol da buraxdıqdan sonra boşluqlar olur və "Qarabağ" kimi komanda həmin səhvi bağışlamır. Onlarla hələ oyunumuz var. Həmin matçda yaxşı nəticə qazanmağa çalışacağıq".

Növbəti turda "Keşlə" ilə qarşılaşacaq "Sumqayıt" dueldən üç xalla ayrılmaq niyyətindədir. Əliyev bildirib ki, əsas hədəfləri inamlı oyun nümayiş etdirməkdir: "Çempionatın ilk yarısı ilə müqayisədə ikinci yarıda komandalar bizə qarşı müdafiə futbolu oynayır. "Sabah" da istisna olmadı. "Keşlə" ilə evdə qarşılaşacağıq. Bu oyunda üç xal qazanmağa çalışacağıq. Düzdür, iki oyun uduzmuşuq, amma faciəyə çevirməli bir şey yoxdur, dördüncü yerdəyik. "Keşlə"yə qalib gəlib yerimizi möhkəmləndirmək istəyirik".