09:38 26-02-2020
news_image
100
FUTBOL

Mertens və Levandovskinin rekordu, “Çelsi”nin antirekordu

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində dünən daha iki görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, “Çelsi” – “Bavariya” (0:3) və “Napoli” – “Baselona” (1:1) matçları bir neçə statistik göstəriciləri ortaya çıxarıb.

Onların bir neçəsi ilə sizi tanış edirik.

- “Çelsi” avrokuboklar tarixində “Stemford Bric”də ən böyükhesablı məğlubiyyətini alıb. Bu, həm də “zadəganlar”ın Almaniya klublarına ilk yenilgisi kimi tarixə düşüb. Bundan başqa, komanda Frenk Lempardın rəhbərliyi altında cari mövsüm öz meydanında 8-ci dəfə uduzub. Bu, klubun 1985-86 mövsümündən bəri ən zəif göstəricisidir.

- Qarşılaşmada dubl edən “Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri cari mövsüm ÇL-də qollarının sayını 6-ya yüksəldib. 25 yaşlı oyunçu bu qollarını hamısını İngiltərə klublarının qapısından keçirib. O, qrup mərhələsində “Tottenhem”lə (7:2) qarşılaşmada 4 dəfə fərqlənmişdi.

- “Bavariya” cari mövsüm Çempionlar Liqasında ardıcıl 7-ci qələbəsini qazanıb. Münhenlilər turnir tarixində “Barselona” və “Real”dan sonra bunu bacaran 3-cü klub olub. Lakin nə “Barselona” 2002-03 mövsümündə, nə də “Real” 2014-15 mövsümündə turnirin qalibi ola bilib.

- Cari mövsüm ÇL-də qol sayını 11-ə çatdıran “Bavariya”nın hücumçusu Robert Levandovski bunun 9-nu səfərdə reallaşdırıb. Polşalı belədə “Yuventus”un hücumçusu Kriştianu Ronaldonun rekordunu təkrarlayıb. Portuqaliyalı 2013-14 mövsümündə eyni göstəriciyə imza atıb.

- “Barselona” ilə matçın 30-cu dəqiqəsində hesabı açan “Napoli”nin hücumçusu Dris Mertens neapolluların heyətində qol sayını 131-ə çatdırıb. Bununla o, klub tarixinin bombardiri olan sabiq kapitan Marek Hamşiki yaxalayıb. Siyahının 3-cü pilləsində əfsanəvi argentinalı Dieqo Armando Maradona (115 qol) qərarlaşır.

- “Napoli” 6-cı dəfə pley-off mərhələsinə evdə heç-heçə ilə başlayıb. Komanda buna bərabərliklə başladığı 5 pley-offun heç birində mərhələ adlaya bilməyib.

- Çempionlar Liqasında 141-ci matçını keçirən “Barselona”nın kapitanı Lionel Messi “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqzə çatıb. Hazırda 5-ci pilləni bölüşən Messi ilə Giqqzi müvafiq olaraq Raul Qonzales (142 oyun), Xavi (151), Kriştianu Ronaldo (168) və İker Kasilyas (177) qabaqlayırlar.

- Kike Setyen hollandiyalı Lui van Qaldan sonra “Barselona”nın “sükanı arxası”nda Çempionlar Liqasına qələbə ilə start götürməyən ikinci məşqçi olub. Van Qalın debütünü 1997-ci ildə “Nyukasl” (2:3) korlayıb.

Qeyd edək ki, bu iki cütlükdə cavab oyunları martın 18-də keçiriləcək.