12:20 26-02-2020
news_image
572
FUTBOL

Derlis Meza Kolli: “Menecerim mənə də bu haqda danışmışdı, irəliləyiş olmadı” - MÜSAHİBƏ

Rumıniyanın “Petrolul” klubunun futbolçusu Derlis Meza Kollinin apasport.az saytına müsahibəsi

- Azərbaycandan ayrıldıqdan sonra Rumıniyaya yollandınız. “Petrolul”da işləriniz necə gedir?
- Burada olduğuma görə şadam. Klubda, ölkədə özümü xoşbəxt hiss edirəm. “Petrolul” böyük tarixi olan komandadır, mənim üçün isə yeni təcrübədir. Əlimdən gələni edirəm ki, komandaya köməklik göstərim. Məncə, bu, pis alınmır.

- Ötən mövsüm mətbuatda “Zirə”yə keçəcəyinizlə bağlı xəbərlər yayıldı. Ancaq sonda transfer baş tutmadı. Keçidinizə kim və ya nə mane oldu?
- Azərbaycandan hər zaman mənimlə əlaqə saxlayırlar. Təkliflərim də var idi. Amma artıq “Petrolul”la danışıb, razılaşmışdım. Ona görə də Rumıniyaya gəlməyə qərar verdim. 

- Mövsümün əvvəlində və ya qış fasiləsində necə, Azərbaycan klublarından təklif almışdınız?
- Bəli, Azərbaycandan hər zaman maraqlananlar olur. Orada özümü yaxşı tərəfdən göstərməyə çalışmışam, oynadığım bütün klublarda da gücümü meydanda qoymuşam. Həm mən, həm də ailəm Azərbaycanda hər zaman xoşbəxt olub. Amma “Petrolul”un lehinə qərar verdiyimdən bu klubun uğurları üçün çalışıram. Burada yaxşı işlər görmək istəyirəm. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.

- Kiçik qardaşınız Sezar Meza Kollinin Azərbaycan yığmasında oynamaq şansı qazana bilər. AFFA onu milliləşdirməyə çalışır. Bu məsələnə necə qarşıladız?
- Sezar özü də mənə Azərbaycan yığması üçün milliləşdirilə biləcəyini deyib. Qardaşımın adına sevinirəm. Onun üçün ən yaxşısını arzulayıram. Fikrimcə, Sezar Azərbaycan millisinə xeyir verə bilər. O necə futbolçu olduğunu artıq göstərib. 

- Millimizin oyunçuları ilə müqayisədə Sezarın üstünlükləri hansılardır?
- Onun oyununu hamımız görürük. Doğurdan da o, əla futbolçudur. Bunu artıq sübut edib. Azərbaycan millisində oynayarsa, xeyir verər.

- Paraqvaylı olsanız da, Sezar həmin yığmanın deyil, Azərbaycanın şərəfini qoruya bilər. Buna valideynlərinizin münasibəti necə oldu?
- Ailəm Sezarın Azərbaycan millisində oynamaq ehtimalının olması xəbərindən məmnundur. Onun qərarlarına hörmətlə yanaşırıq. Valideynlərim Sezarın öz qərarından xoşbəxt olmasını və hər anın dadını çıxarmasını istəyirlər. Onlar hər zaman Sezara dəstək olub, bu dəfə də istisna deyil. 

- Siz də Azərbaycanda az oynamamısınız. Maraqlıdır, sizə də təklif gəlsəydi qəbul edərdiz?
- “İnter”də (hazırkı “Keşlə” - red) oynadığım illərdə menecerim mənə bu haqda danışmışdı. Amma sonradan irəliləyiş olmadı. İndi isə qardaşımın Azərbaycan yığmasında oynamaq şansı var. İnanıram ki, o, buna nail olacaq. Azərbaycan millinə də uğurlar arzulayıram. Çünki orada mənim bir neçə dostum oynayır. Azərbaycanda oynadığım dönəmdə hər zaman mənə qarşı çox yaxşı davranıblar. Mənimlə yanaşı, ailəm də özünü xoşbəxt orada hiss edib.