15:04 27-02-2020
news_image
509
FUTBOL

“Maddi durumla əlaqədar yeniliklər olacaq” - Ramin Musayev

“Qarabağ”ı indidən çempion saymaq olmaz. Çünki qarşıda hələ çox oyunlar var”.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Premyer Liqanın geridə qalan 18 turunu dəyərləndirən PFL rəhbəri komandaların mübarizəsindən razılıq bildirib. Musayev oyunların keyfiyyətinə qiymət verməyin isə hələ tez olduğunu düşünür: “Çempionatla bağlı mənim üçün əsas sürpriz “Qarabağ”dan başqa digər klublar arasında turnir cədvəlində yerdəyişmələrin tez-tez olmasıdır. Bu, çox yaxşı haldır. Komandaların bərabər gücə malik olması, gərgin mübarizə çempionatın maraqlı keçməsindən xəbər verir. Bir sözlə, mübarizə, gərginlik ürəyimizcədir. Komandalar bir-birilərinə yaxındırlar. İndidən heç kim hansı klubun neçənci yeri tutacağını deyə bilməz. Hər şey sonda müəyyənləşəcək. Amma keyfiyyət yayda avrokuboklar zamanı bilinəcək”.

Ramin Musayev Azərbaycan kubokunun final oyunu ilə bağlı bəzi sürprizlər hazırladıqlarını da sözlərinə əlavə edib: “Əlbəttə ki, kubokun finalında sürprizlər planlaşdırırıq. Maddi durumla əlaqədar bəzi yeniliklər olacaq”.