11:59 29-02-2020
news_image
265
FUTBOL

Filip İvanoviç: “Ramil Şeydayevə kömək etmək üçün buradayıq” - MÜSAHİBƏ

"Sabah"ın müdafiəçisi Filip İvanoviçin apasport.az saytına müsahibəsi

- “Sabah” “Qəbələ”, “Sumqayıt” və “Səbail”lə görüşlərdə uğurlu nəticələr qazanıb. Artıq hər şeyin istədiyiniz kimi getdiyini demək olar?
- Son üç oyunda qalib gəlməyimiz, bizim düzgün yolda olduğumuzun göstəricisidir. Yüksələn formada olduğumuzu deyə bilərik. Komandamız ehtiyacı olan özgüvəni qazanıb və daha da yaxşı olmasına çalışırıq.  

- Jelko Sopiçin gəlişindən sonra komandada hansı dəyişikliklər baş verib?
- Jelko Sopiçin gəlişi ilə komandada stabillik və komplektləşmə yaranıb. O, oyunumuza nizam-intizam gətirib. Bununla yanaşı, futbolçulara oyun zamanı rahatlıq verib ki, bu da ən yaxşı keyfiyyətlərimizi göstərməyimizə kömək olur. 

- Komandaya cəlb olunanlar arasında daha çox Ramil Şeydayevin transferi səs-küylü oldu. Amma o da "Səbail"ə qarşı debüt matçında cəmi üç-dörd dəqiqə oynadı. Necə düşünürsünüz, Şeydayev "Sabah"a xeyir verə biləcəkmi?
- Ramilin komandamıza gəlişinə çox sevinirik. İstədiyi formaya çatmaq və daha çox dəqiqə meydanda olmaq onun özündən asılıdır. Biz də ona kömək etmək üçün buradayıq. 

- Bu gün "Qarabağ"la qarşılaşacaqsınız. Onlara qarşı oyuna necə hazırlaşmısınız və hansı nəticə sizi qane edəcək?
- Digər oyunlara olduğu kimi hazırlaşmışıq. Bu matçda necə xal qazanmalı olduğumuzu fikirləşirik. Nəticələr göstərir ki, "Qarabağ" ölkənin ən güclüsüdür. Bu onlar üçün böyük fəxrdir. Çünki bunu davam etdirmək asan deyil. 

- "Qarabağ”ı səfərdə məğlub etməyiniz realdırmı? 
- Səfərdə özümüzü yaxşı tərəfdən göstərib, sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. 

- “Qarabağ” bu mövsümdə də çempionluğa əsas namizəddir. Siz necə fikirləşirsiz?
- Premyer Liqa davam edir. Məncə, "Neftçi" də asanlıqla təslim olmayacaq. Çünki futbolda öncədən nəyisə proqnozlaşdırmaq olmur. Sadəcə "Qarabağ" hazırda avantajlı tərəfdir. 

- "Sabah" bu mövsüm avrokuboklara vəsiqə qazana bilməsə, böyük uğursuzluq olacaq?
- Hələ ki, avrokuboklar şansımız var və biz bunun üçün mübarizə aparacağıq. Biz xarakter göstərməyə davam etməliyik. Çünki "Sabah" əla oyunçulardan qurulub. Adın xarakter və səviyyə ilə əldə edildiyini göstərmək bizə qalan məsələdir.