00:00 01-03-2020
news_image
234
FUTBOL

Xayme Romero: “Dedim ki, təmiz penalti idi, özün də televiziyada baxanda görəcəksən” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XIX turunda "Sabah"ı qəbul edən "Qarabağ" 0:0 hesablı bərabərliklə kifayətlənib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun yarımmüdafiəçisi Xayme Romero nəticədən məyusluğunu dilə gətirib.

İspaniyalı futbolçu təmiz qol vurduğunu, eyni zamanda bir epizodda ona qarşı kobudluğun penalti olduğunu söyləyərək, hakimlikdən şikayətlənib.

- Bu gün niyə qələbə qazana bilmədiniz?
- Rəqib yaxşı müdafiə olundu. Bizim də yaxşı oynadığımızı deməliyəm. Çoxlu qol imkanlarımız oldu. Həmin qol vəziyyətlərindən istifadə edə bilmədik. Digər tərəfdən 1-2 epizodda 100 faizlik penalti qərarı verilməli olduğunu düşünürəm. Həmin epizodlardan birində mənə qarşı kobudluq oldu. Yəni ifadə etməyə başqa söz tapa bilmirəm ki, həmin penalti necə verilməsin. Üstəlik, vurduğum qolun da nəyə görə sayılmadığını anlaya bilmədim. Hakimin səhv etdiyini düşünürəm.

- Demək olarmı ki, hakimin qərarları nəticəyə təsir etdi?
- Nəzərə alaq ki, oyuna müdafiə olunmaq düşüncəsi ilə çıxan komandaya qarşı qol vəziyyətləri yaratmaq çətindir. Orada az sayda qol imkanları yaratmaq olur. Üstəlik, qol vurduğun məqamda hakim müdaxiləsi olur. Düşünürəm ki, hakimin qərarları nəticəyə təsir elədi.

- Sayılmayan qoldan sonra hakimə yaxınlaşaraq nəsə dediniz. Nəyi izah etmək istəyirdiniz?
- Bu, qol vəziyyəti ilə bağlı deyildi. Verilməyən penaltidən sonra yaxınlaşıb dedim ki, təmiz penalti idi, özün də televiziyada baxanda görəcəksən. Amma qol vurulan anda hadisələr o qədər sürətlə cərəyan etdi ki, topun haradan gəldiyini görə bilmədim.

- Hakimə əllə "epizodu görmədin?" işarəsi göstərdiniz. Qorxmursunuz ki, buna görə cəzalandırılarsınız?
- Xeyr, pis məqsədlə demədim. Sadəcə bildirdim ki, səhv edirsən. Nəticədə hamı səhvə yol verir. Oyunun içində olanda aydın görürsən ki, bu, qayda pozuntusudur. Təbii ki, hakimə yaxınlaşıb, ona iradını bildirirsən.

- Qarşıdan sizi "Keşlə" ilə səfər oyunu gözləyir. Bu görüş barədə nə deyə bilərsiniz?
- Çətin səfər matçı olacaq, "Keşlə" yaxşı komandadır. Bu heç-heçədən, itirilən xallardan sonra növbəti hədəf təbii ki, qələbə qazanmaqdır. Oraya da bu istəklə yollanacağıq.

- "Zirə" üzərində 6:0 hesablı asan qələbə qazandınız. Bu gün niyə belə çətinlik çəkdiniz?
- Demək olar ki, çempionatdakı bütün komandalar yaxşıdır. Onlar da hər həftə məşq edirlər, yaxşı müdafiə olunurlar. Hər oyunda 4-5 qollu qələbə qazanacağıq düşüncəsi ilə çıxmaq mümkünsüz bir şeydir.