00:00 02-03-2020
news_image
201
FUTBOL

Mamadu Kane: “Məşqçi amili o qədər də vacib deyil” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XIX turunda "Səbail"lə keçirilən oyundan brifinq keçirən "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan matçda komandasının yeganə qolunda böyük rol oynayan qvineyalı futbolçu son dəqiqələrdə konsentrasiyanı itirdiklərini etiraf edib.

23 yaşlı oyunçu liderə yaxınlaşmaq şansını əldən vermələrinə baxmayaraq, hələ də çempionluq ümidini itirmədiklərini vurğulayıb.

- Qələbəyə çox yaxın idiniz. Son dəqiqələrdə nə baş verdi ki, qol buraxdınız və xal itirdiniz?
- 90 dəqiqə ərzində yaxşı oynadıq, rəqibi üstələdik. Amma son 10 dəqiqədə konsentrasiyanı bir qədər itirdik. Bu da qol buraxmağımızla nəticələndi. Həm də bu gün güclü külək hər iki komandanın oyununa təsir etdi. Buraxdığımız qolda da bunun rolu oldu.

- Qış fasiləsindən sonra "Neftçi"nin aktivində 3 heç-heçə və 1 qələbə var. Demək olarmı ki, baş məşqçi dəyişikliyindən sonra da komandada heç nə dəyişməyib?
- Məşqçi amili o qədər də vacib deyil. Biz futbol oynamalı və nəticə qazanmalıyıq. Futbolda konsentrasiyanı itirmə halları olur. Necə ki, bu gün bunu yaşadıq. Amma deməzdim ki, heç nə dəyişməyib. Həm bu gün, həm də "Qəbələ"yə qarşı inamlı oynadıq. Mənim fikrimcə, dəyişikliklər var. Amma məşqçinin kimliyindən asılı olmayaraq, biz meydana qələbə üçün çıxmalıyıq.

- Bir gün əvvəl lider "Qarabağ" xal itirsə də, bundan yararlana bilmədiniz. Bundan sonra yenə belə bir şans əlinizə düşəcəkmi?
- Çempionat hələ bitməyib. Düzdür, bu gün şansımızı qaçırdıq. Amma belə imkanlar yenə olacaq. Qarşıda hələ bir neçə tur var. Biz çempionluq uğrunda sona qədər vuruşacağıq. "Qarabağ"a yaxın olmaq və yekunda çempionluğu qazanmaq üçün hər şeyi edəcəyik.

- Koronavirus artıq dünyanın bir neçə ölkəsində yayılıb. Sizdə bir təşviş varmı?
- Təəssüf ki, planetimizdə belə bir problem yaşanır. Biz yalnız Allaha dua edə bilərik ki, bu virus yox olsun. Şəxsən mən məşqlərdən sonra dərhal evə gedirəm və çalışıram ki, evdən çıxmayım. Evdən çıxmağı məhdudlaşdırmışam.