08:56 02-03-2020
news_image
369
FUTBOL

Rodriqo Qattas: "Bunları nəvələrimə danışa biləcəyəm" - MÜSAHİBƏ

"Mən gec partladım, amma indi daha təcrübəliyəm, ən yaxşısını edirəm. Komanda yoldaşlarıma, şəhərə, kluba və məşqçi heyətinə mümkün qədər tez uyğunlaşmaq istəyirəm".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin yeni transferi Rodriqo Qattas deyib.

Ötən ay "qırmızı-qaralar"la il yarımlıq müqavilə bağlayan çilili hücumçu ölkəsinin mətbuatına müsahibəsində Azərbaycan barədə müsbət fikirlər səsləndirib.

- Deyilənə görə, Azərbaycan dünyanın ən yaxşı iqtisadi ölkələrindən biridir. Bakı necədir?
- Hələ gəzə bilməmişəm, amma gördüklərimə əsasən deyə bilərəm ki, çox gözəl şəhərdir. Çox cəlbedici binalar mövcuddur, gecə işıqlar olduqca gözəl görünür və lüks yerlər var. Türkiyə ilə Rusiyanın qarışığıdır. Ümid edirəm ki, bundan maksimum yararlanaram. Burada ucuzluq olduğunu deyirlər, amma hələ təsdiqləyə bilmərəm.

- Futbol sayəsində digər ölkələrin mədəniyyətləri ilə də tanış ola bilirsiniz...
- Futbolçular aktiv həyat tərzinə görə minnətdar olmalıdırlar. Futbol gənc yaşda bir çox yerləri gəzmək, fərqli hisslər yaşamaq, digər sahələrin vermədiyi misilsiz təcrübələr qazanmaq imkanı yaradır. Təkcə futbol deyil, həyat üçün də yaşanan bu təcrübələrə sahib olduğum üçün xoşbəxtəm. Təqaüdə çıxdıqdan sonra bunları nəvələrimə danışa biləcəyəm.

- Azərbaycana yollanmaq variantı necə yarandı?
- Nikolas Kanales və İqnasio Errera çilili futbolçulara buranın qapılarını açdılar. Onlardan sonra bu gün növbə məndədir, sabah başqa birində olacaq. Ümid edirəm ki, onlar kimi yaxşı çıxış edəcəyəm. Bəlkə də, tanınmayan bir liqada çıxış edirəm. Ancaq avrokuboklara iddia edən ilk sıralardakı komandalarda yaxşı rəqabət var. Mən də bu həyəcanı yaşamaq istəyirəm.

- Kanales və Errera ilə bu barədə danışmısınız?
- Hər ikisi ilə yaxşı dostam, onlarla komanda yoldaşı olmuşam. Mənə şəhərin, çempionatın necə olduğunu izah etdilər. Onlara minnətdaram. Ümid edirəm ki, bura daha çox çilili futbolçu gələr.

- Niyə Çilidə qalmadınız?
- Libertadores kubokundan qayıdanda yaxşı səviyyədə idim. Amma müntəzəm oynamırdım, özünəinam problemim var idi. Həmin dövrdə indiki kimi, gənclərə şans yaradan qaydalar yox idi. Baş verənlər barədə çox düşünməməyə çalışıram.

- Yenidən ölkəyə qayıtmaq istərdinizmi?
- İki dəfə qayıtmağa çalışdım, amma qapılar üzümə bağlandı. Bir gün uşaqlıq xəyalımı reallaşdırmağı, ölkəmin böyük komandasında oynamağı istərdim. Bunun üçün gündən-günə çalışıram. Amma indi Avropanın heç ağlıma gəlməyən ölkəsində olduğum üçün xoşbəxtəm.

- Sizi kim rədd etdi?
- Bu haqda düşünmək istəmirəm. Qayıtmağa çalışmışam, bir klub rəsmisi ilə danışığım da olub. Həmin klubun məni bu səviyyəyə çatdıran, çox sevdiyim yer olması ürəyimi ağrıdır.