15:45 02-03-2020
news_image
550
FUTBOL

Bataqlığa düşən son ümid və ya hakimliyi də itirdik

Hindlilərin belə bir atalar sözü var: Kokila (hind quşu) manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, bataqlıq suyundan içən isə özünəməxsus səs çıxarır. Məsəli bizim futboldan iraq.

Azərbaycan futbolu təkcə bu gün yox, illərdir bataqlıqdadır. Bunu futbolumuzun birinci adamından sonuncusuna qədər hamı çox gözəl bilir. Amma özünə sərf etməyən adamları dindir, elə iştahla danışacaqlar ki, heç hind quşu manqo ağacından içdiyi neməti o qədər öymür.

Əgər bir yer bataqlıqdırsa, ətrafında olan hər şeyi gec-tez özünə çəkəcək. Bir ara ölmüş futbolumuzun durumuna ağı deyilirdisə, bunun fonunda hakimliklə bağlı vəziyyət üzümüzü bir az güldürürdü. Əliyar Ağayevin kateqoriyasının get-gedə yüksəlməsi bu sahədə tək təsəllimiz idi. Çempionatın keyfiyyət(sizliy)i qarşısında hakim idarəçiliyi ideal görünürdü. Xaqani Məmmədovu bəyənməyib, gətirdikləri Frits Stuxlik hakimliyimizi də həmin bataqlığa ataraq, bu ziddiyyəti aradan qaldırdı. Belədə quruyan ağacın son budağı da yarpaqlarını tökdü.

Stuxlik hakimlərindən o qədər razı idi ki, təlim-məşq toplanışına da ehtiyac duymurdu. Onu da qınamıram. Yəqin futbolumuzun durumunu görüb, düşünüb ki, fit sahibləri gəzə-gəzə də bu işin öhdəsindən gələrlər. Amma hesaba qatmadığı bir şey var idi: özündənrazılıq bizim ən böyük düşmənimizdir.

Gözünüz aydın, hakimliyimiz o qədər sürətlə "inkişaf elədi" ki, nəinki çempionatımızın səviyyəsinə "çatdı", hətta onu da "geridə qoydu". Bəli, hakim səhvi qaçılmazdır. Avropada VAR-a baxıb düzgün qərar verməyən hakimlər də görürük. Amma səhvi səhvlə "yuyan"ı ancaq Azərbaycanda tapmaq olar. Qış fasiləsindən sonra, demək olar ki, hər turda birbaşa nəticəyə təsir edən kobud səhvlər görürük. "Qarabağ" - "Sabah" oyunu isə hakimliyimizin düşdüyü bataqlığın ən dərinliyini göstərdi. Bir epizodda nəticəyə təsir edəcək iki səhv etmək hər adamın işi deyil. Elçin Məsiyev köməkçiləri ilə əl-ələ verib bir yox, iki epizodda bunu bacarmağın yolunu göstərdi. Əvvəlcə Xayme Romeronun ofsaydda olduğunu 4-5 metrliyində olan lansman görmür, saniyələr sonra da ispaniyalının ayağına gələn mərmi zərbəsini Məsiyev. Son dəqiqələrdə isə "Qarabağ"ın müdafiəçisindən meydanı tərk edən topu elə "Qarabağ" künc zərbəsi kimi oyuna daxil edir. Havalanan topu Saşa Stamenkoviç yumruğu ilə Xaymenin önünə atır və o da fərqlənir. Hakim təmiz qolu saymır ki, ofsayd var. Ya eyni epizoddakı hər iki vəziyyəti düzgün qiymətləndirmirsən, ya da ikincini birinci səhvlə sığortalayırsan. Hər iki halda sən bu işə, müəllimin isə oturduğu kresloya layiq deyil. Məsiyev vəziyyəti elə çıxılmaz hala saldı ki, birinci epizodda penalti təyin edib, ikincidə qolu saysaydı, "Sabah"ın haqqını yemiş olacaqdı. İndiki durumda isə "Qarabağ" haqlı vəziyyətdə görünür. Nəticədə hakimlər briqadası bir oyunun iki epizodunda nəticəyə təsir edə biləcək 4 səhvə yol verdi.

“Zirə” – “Qəbələ” matçında isə İlkin Muradovun əllə vurduğu topun qapıdan keçməsini qol olaraq qeydə alan Orxan Məmmədov, görünür meydandakı futbolu həndbola oxşadıb. Çünki Muradovun toxunuşu təsadüf və ya görülməyəcək dərəcədə deyildi. Bu, həvəskar futbolçu və peşəkar həndbolçu zərbəsi idi. Zirə qəsəbəsində az qala hamının gördüyü bu toxunuş təkcə hakimlərin gözündən yayındı.

Hakimliyi də beləcə itirdikdən sonra artıq bu sektorda hər şey bir-birinə tam uyğunlaşmış vəziyyətdədir. Ölkə futbolunun özünə çəkdiyi son ümid yerindən sonra bataqlığa atılası başqa heç nəyimiz qalmadı.