13:58 03-03-2020
news_image

Yığmamız lisenziya turnirinin hazırlığına davam – Minskdə

Qadınlardan ibarət güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verir.

Apasport.az saytının məlumatına görə, yığmamız martın 4-dən 18-dək Belarusun paytaxtı Minskdə hazırlığını davam etdirəcək. 

Komandamız baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yerli yığma ilə birgə hazırlıq prosesi keçəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplanışı martın 19-dək 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Bu üzdən Minskə olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət heyət yollanıb. Digər yığma üzvləri məşqçi Rövşən Umudovun rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir.

Qeyd edək ki, yarışda qadınlar mübarizəyə martın 20-də start verəcək. Növbəti gün təsəlliverici və medal görüşləri keçiriləcək. Mariya Stadnik ötən il dünya çempionatında 50 kq-da lisenziya qazandığı üçün millimiz Budapeştdə 53, 57, 62, 68 və 76 kq-da Olimpiadaya vəsiqə əldə etməyə çalışacaq.