23:02 06-03-2020
news_image
248
DİGƏR NÖVLƏR

Rusiyanın Kamilası, bizim Yekaterina

Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, Estoniyanın paytaxtı Tallində keçirilən yarışın 3-cü günündə daha bir Azərbaycan təmsilçisi buz üzərinə çıxıb.

Milliləşən legionerimiz Yekaterina Ryabova qızların mübarizəsinə qoşulub. O, qısa proqramda 57,68 xal yığıb. Bu göstərici idmançımıza 13-cü yeri tutmağa imkan verib. 

Nəticədə Ryabova sabah keçiriləcək həlledici sərbəst proqramda mübarizəni davam etdirəcək 24 idmançı arasına düşüb. Digər 23 iştirakçı (daha bir idmançı son anda yarışa qatılmayıb) üçün mundial başa çatıb. Qısa proqramda 1-ci yeri isə rusiyalı Kamila Valiyeva tutub – 74,92.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən Yuliya Əliyeva və Artur Biktimirov dueti bir gün əvvəl buz üzərində rəqslərdə uğursuzluğa düçar olub. Ritmik rəqsdə 45,96 xalla 29 iştirakçı arasında 24-cü olan konkisürənlərimiz sərbəst rəqsdə çıxış edəcək “20-liy”ə düşməyib. Oğlanların yarışı üçün sifariş olunan Vladimir Litvintsev isə qeyri-müəyyən səbəblərdən son anda iştirakçılar siyahısını tərk edib.


28,6 milyon avro itirəcəklər - koronavirusa görə

İtaliya A seriyası oyunlarının azarkeşsiz keçirilməsi yarış iştirakçılarına baha başa gələcək.

Apasport.az saytının məlumatına görə, klublar bilet satışları ilə əlaqədar olaraq 28,6 milyon avro itirəcəklər.

Koronavirusun yayılması ilə əlaqədar qapalı qapılar arxasında keçiriləcək matçların biletlərinin və mövsümlük biletlərin məbləği azarkeşlərə geri qaytarılacaq. Ən çox ziyan "Yuventus"a dəyəcək. Turin təmsilçisi 12,3 milyon avro geri düşəcək.  "Milan" 3,4 milyon, "İnter" isə 2,7 milyon avroluq ziyan görəcəklər.

Qeyd edək ki, koronavirus səbəbindən İtaliyada oyunlar bir ay boş tribunalar önündə keçiriləcək.

"Liverpul"da ciddi itki - "Atletiko" ilə oyunu buraxa bilər

"Liverpul"un qapıçısı Alisson Bekker zədələnib.

Apasport.az saytının məlumatına görə, braziliyalı qolkiper məşq zamanı bud nahiyəsindən xəsarət alıb.

Bu barədə məlumatı "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp verib. O bildirib ki, zədə ucbatından Alisson Premyer Liqanın XXIX turunda "Bornmut"la sabah keçiriləcək matçı buraxacaq. 28 yaşlı qapıçının həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab görüşündə iştirakı sual altındadır.

Qeyd edək ki, "Liverpul" - "Atletiko" oyunu martın 11-də keçiriləcək. Madriddə baş tutan ilk qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.


Avrokuboklara təyinat almayacaqlar - italiyalı hakimlər

İtaliyalı hakimlər Çempionlar Liqası və Avropa Liqasının qarşıdakı oyunlarına təyinat almayacaqlar.

Apasport.az saytının məlumatına görə, UEFA italyanlara avrokuboklarda matç həvalə etməmək qərarına gəlib.

Qərar koronavirus infeksiyasının həmin ölkədə sürətlə yayılması ilə əlaqədar olaraq verilib. Ötən həftə İtaliyanın 3 referisi - Daniele Orsato ("Real" - "Mançester Siti"), Marko Quida ("Espanyol" - "Vulverhempton") və Davide Massa ("Arsenal" - "Olimpiakos") avrokuboklarda oyun idarə etmişdilər.

Qeyd edək ki, İtaliyada artıq 4000-ə yaxın insan koronavirusa yoluxub, onlardan 148 nəfəri ölüb.