10:57 07-03-2020
news_image
879
FUTBOL

“Azərbaycanda mənim üçün ən yaxşı klub "Neftçi"dir” - İqor İvanoviç

"Azərbaycan futbolunu daima diqqətdə saxlayıram. Premyer Liqanı və Azərbaycan millisinin də oyunlarını izləyirəm. Ölkənizdə futbol ildən-ilə daha yaxşı duruma gəlir".

Bunu apasport.az saytına monteneqrolu futbolçu İqor İvanoviç deyib.

Ölkəsinin "Buduçnost" klubunun forma geyinən 29 yaşlı vinger 2015/2016 mövsümündə "Zirə"də oynayıb. O, yenidən Azərbaycana qayıtmaq şansının da olduğunu etiraf edib: "İki ay əvvəl Azərbaycandan bir klubdan təklif gəlmişdi. Amma hazırki klubum məni buraxmadı. Ola bilsin, növbəti transfer pəncərəsində Azərbaycana qayıdışım baş tutdu. Oraya qayıdası olsam, paytaxt klublarının hamısı yaxşıdır. Amma mənim üçün ən yaxşısı "Neftçi"dir. Çünki onlarda hər şey var. Stadionları, azarkeşləri möhtəşəmdir. Ən əsası isə böyük tarixə malikdirlər. Amma "Zirə" də ürəyimcədir".

Yarımmüdafiəçi "Zirə"də oynadığı vaxtı yaddaqalan hadisələrdən də danışıb: "Orada oynadığım vaxtı hər şey xatirəmdədir. Çünki əla günlər idi. Klubdakılar, komanda yoldaşlarım məni çox yaxşı qarşılamışdılar. "Qarabağ"a qol vurduğum oyunu yaxşı xatırlayıram. Təəssüf ki, həmin matçı 1:4 hesabı ilə uduzmuşduq. "Neftçi"yə qarşı səfərdə oynadığımız oyunu da xatırlayıram. Nicat Qurbanov bu gün də dostumdur. Kapitan Rəşad Abdullayev, Kamal Bayramov, Anar Nəzirov, Təmkin Xəlilzadəni yaxşı xatırlayıram".

O, Millətlər Liqasında Azərbaycanın Monteneqroya rəqib olmasına da münasibət bildirib. İvanoviçin sözlərinə görə, həmin qarşılaşmanı canlı izləməyi planlaşdırır: "Monteneqronun Azərbaycanla eyni qrupa düşməsi məni sevindirdi. Çünki yığmanızı yenidən canlı izləmək imkanım olacaq. Bu dəfə isə mənim ölkəmdə oyununuza baxacam. Azərbaycan millisi zəif və kiçik deyil. Bunu Monteneqroda hamı bilir. Hər halda, ümid edirəm ki, həmyerlilərim bu oyunlardan qalib ayrılar. Amma Azərbaycanın da qrupda yaxşı nəticələr göstərməsini istəyərdim. Bəli, bizim millidə "Atletiko"dan Stefan Saviç, "Latsio"dan Adam Marusiç, "Levante"dən Nikola Vukçeviç çıxış edir. Xüsusilə yığmamızın ən yaxşısı Stefan Yovetiçi qeyd edərdim. Ola bilər ki, Monteneqro Azərbaycanla görüşlərdə favorit olsun. Amma öncədən nəsə demək çətindir".