09:54 08-03-2020
news_image
169
FUTBOL

"Top-5" liqa tarixinin 5-ci bombardiri - Messi

İspaniya La Liqasının XXVII turunda "Real Sosyedad"ı qəbul edən "Barselona" kapitanı Lionel Messinin yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu ölkə çempionatında çıxdığı 474-cü oyununda 438-ci qoluna imza atıb.

Bununla Leo "Top-5" liqalar tarixinin ən məhsuldar oyunçuları siyahısında 5-ci pilləyə yüksəlib. 32 yaşlı argentinalı "Yuventus"un hücumçusu Kriştianu Ronaldonu geridə qoyub. Portuqaliyalı "böyük beşlik" ölkələrinin çempionatlarında meydana çıxdığı 540 matçda 437 dəfə fərqlənib.

Bundan başqa, ölkə çempionatında 66-cı penalti zərbəsindən 55-ci qolunu vuran Leo bu baxımdan 3-cü sırada qərarlaşır. La Liqada penaltidən ən çox fərqlənən futbolçular sabiq "Real"lılar Uqo Sançes (56 qol, 15 qeyri-dəqiq) və Kriştianu Ronaldodur (61 qol, 11 qeyri-dəqiq).

Bugünkü görüşün 42-ci dəqiqəsində sarı vərəqə alan Messi ardıcıl 3-cü oyunda cəzalandırılıb. O, "Real" (0:2) və "Napoli" (1:1) ilə qarşılaşmada da hakimi əlini cibinə atmağa vadar etmişdi. Bununla superulduz karyerasında ilk dəfə ardıcıl 3 oyunda sarı vərəqə alıb.

Qeyd edək ki, "Real"dan bir oyun artıq keçirən "Barselona" hazırda 2 xallıq fərqlə La Liqaya başçılıq edir.