13:02 08-03-2020
news_image
5201
FUTBOL

“Azərbaycana getmək təklifi alanda valideynlərim buna qarşı çıxdı” - Riçard Almeyda

“Biz bilmirik ki, Azərbaycan yığması nə qədər güclü olmalıdır ki, dünyanın ən yaxşı klublarında çıxış edən belə böyük futbolçulara qarşı oynasın. Amma biz mümkün olan hər şeyi edirik”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin braziliyalı futbolçusu Riçard Almeyda deyib.

Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda çıxış edən milliləşən legioner “sport.360”a müsahibəsində yığmamızın heyətində ulduzlara qarşı oynamasından bəhs edib: “Bu, sadəcə Hamşik deyil, Beyl, Modriçdir. Onlar inanılmaz futbolçulardır. Onlar insan kimi də möhtəşəmdirlər. Məhz buna görə də öz karyeralarını qurub ən böyük klublarda oynayırlar. Bizim üçün belə futbolçulara qarşı oynamaq xoşdur. Onları meydanda görmək televizorda izləməkdən fərqlidir. Onların hərəkətlərini, necə irəlilədiklərini görürsən – bundan çox şey öyrənirsən”.

Almeyda Azərbaycana gəlişi, valideynlərinin əvvəl buna qarşı olmasından da danışıb: “Azərbaycanda qoyun əti çox yeməyi sevirlər. Əvvəl uyğunlaşa bilmirdim. Heç vaxt bu ətdən yeməmişdim. Onlar səhər, nahar və şam yeməyində də bununla qidalanır. İlk vaxtlar həmişə deyirdim ki, mən də çox yeyəcəyəm. Azərbaycana getməklə bağlı ilk təklifi alanda anamla atam buna qarşı çıxdı. Onlar bunu etməli olmadığımı deyirdilər.  Valideynlərimə dedim ki, mənə inanın və ora getməyə buraxıb dəstək olun. Onlara bildirdim ki, özümü sınamaq, həyatda bir təcrübə qazanmaq istəyirəm. Bundan sonra onlar mənimlə birlikdə getmək şərtilə razılaşdılar”.

Braziliyalı futbolçu Luka Modriç barədə yüksək fikirdə olduğunu da gizlətməyib: “Modriç o qədər möhtəşəmdir ki, mən bunu sözlə ifadə edə bilmirəm. Onun istedadı çox yüksək səviyyədədir. O, təkcə Azərbaycan deyil, Macarıstan və digər komandalarla görüşlərdə də sadə oğlan kimi aparır. Formasını istəsəniz, o sizə 2-3 dənəsini verəcək. Bax buna görə də ən yaxşıdır. O, ağıllıdır və top ona gəlmədən nə edəcəyini düşünür. Bütün vəziyyətlərdə nə edəcəyini bilir. “Barselona” fanatıyam. Antuan Qrizmann bu komandaya keçəndə çox xoşbəxt idim. Çünki onun yaxşı istedadı var. Bu ulduzlar pul barədə düşünmür. Ona görə də çox sadədirlər. Biz də, onlar da belə oyunlardan zövq alırıq”.

Riçard “Baniyas”da çıxışına da toxunub:  “Burda olduğum üçün çox şadam. Hər şey çox yaxşıdır. Komanda yoldaşlarımdan tutmuş rəhbərliyə qədər hamı məni dəstək olur, özünəinam verir. Belə olanda addım-addım inkişaf edirsən. “Baniyas” o qədər də böyük olmayan klubdur. Amma ümid edirəm ki, 2-3 ildən sonra 1-ci olacaq. Çünki yaxşı oyunçulara malik gözəl klubdur. Biz inkişaf etməli, bir-birimizə kömək olmalıyıq. Meydanda mümkün olan hər şeyi etməyə çalışırsan. Əgər cəsarətlisənsə, heç kim səni məğlub edə bilməz. Hər şey özümüzdən asılıdır”.