13:23 08-03-2020
news_image
1562
DİGƏR NÖVLƏR

"Tatami, xalça üzərində aslanın erkəyi, dişisi olmaz" - idmanda qadınların rolu

Qadınlar həyatın mənası, bəzəyi və özəlliyidir.

Ülvilik və zəriflik rəmzi olan qadın adı, ana adı həmişə uca tutulmalıdır.

Apasport.az saytının məlumatına görə, bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub.

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Eyni zamanda, idman sahəsində də qadınların xidmətləri artıq danılmazdır. Müxtəlif taleyüklü idman strukturlarında, mətbuat sahəsində işinin əhli olan, gender bərabərliyini əyani şəkildə sübuta yetirən qadınlar mövcuddur. 

Bu dəfə məhz onların bir neçəsi ilə söhbətləşmək qərarına gəldik...



"Heç olmasa ildə bir dəfə kişilər təşvişə düşürlər"
Azərbaycanın ilk qadın mətbuat katiblərindən biri də Səmayə Məmmədovadır. Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsində çalışan Səmayə xanım idmanda qadınların böyük rolunun olduğunu söyləyib: "Qadın zərif məxluq sayılır. Amma bizim elə xanımlarımız var ki, Azərbaycan bayrağını dəfələrlə zirvələrə ucaldıblar, himnimizi səsləndiriblər. Güləşdə, karatedə, cüdoda, gimnastikada, taekvondoda, hətta boksda belə, Azərbaycanın şərəfini uğurla qoruyan xanımlarımız olub. Fikir vermisinizsə, xanımlar sınaq döyüşləri zamanı daha çox əks cinsin nümayəndələrini rəqib seçirlər. Bu da onu göstərir ki, tatami, xalça üzərində aslanın erkəyi, dişisi olmaz və xanım hər sahədə olduğu kimi, idmanda da peşəkardır, öz işinin bilicisidir, bizə fəxr hissi yaşadan insandır".

Səmayə xanım bildirib ki, 8 martın onun üçün heç bir özəlliyi yoxdur. Ancaq o da digər qadınlar kimi, həm hədiyyə verməyi, həm də almağı çox xoşlayır: "Əslində bu, bizim bayramımız deyil. Amma həmin gün xanımların özəl, xüsusi diqqət görmələrinə imkan yaradır. Xanım hər gün xanımdır. Ananın, bacının, övladın, bir sözlə, qadının hər gün sevgiyə və qayğıya ehtiyacı var. Sadəcə, martın 8-də əks cinsin nümayəndələri bir az təşvişə düşürlər. Bu da bizi sevindirir ki, heç olmasa ildə bir dəfə onlar da həyəcan keçirirlər. Hər bir xanım kimi, mən də hədiyyə qəbul etməyi xoşlayıram. Məni yaxından tanıyan insanlar bilirlər ki, hədiyyə verməkdən daha çox zövq alıram. Xüsusən də, həmin insanın xoşladığı hədiyyəni edəndə üzündəki təəccüb, sevinc hissini görmək mənim üçün ən böyük hədiyyədir. Ətrafımda dəyər verdiyim, sevdiyim insanlar var. Onların hər birinin hədiyyəsi mənim üçün özəldir".

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti rəhbəri etiraf edib ki, hədiyyə insanın özünün təqdimatıdır: "Şəxsən mən gözəl, zövqlü hədiyyə xoşlayıram. Bəzi insanlar var ki, öz ürəyincə olmayan bir şeyi alıb hədiyyə edirlər. Mən bunu heç vaxt özümə yaraşdırmamışam. Bəyənmədiyin bir hədiyyəni birinə bağışlayırsansa, o insanın qəlbini qırmırsan, özünü təqdim edirsən. Mənim üçün hədiyyənin brend olması vacib deyil. Amma hədiyyə insanın özünün təqdimatıdır. Çünki qarşındakına dəyər verirsənsə, layiq bilmədiyini ona verməklə necə insan olduğunu göstərirsən".



"Özəl hədiyyə olanda onun yeri tamam başqa olur"
Kişilərin çoxluq təşkil etdiyi futbol sahəsində AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi və "Səbail" klubunun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova işgüzarlığı, zəhmətkeşliyi ilə heç də onlardan geri qalmır. O da qadınların idmandakı rolundan bəhs edib: “Qadınlar cəmiyyətin bəzəyi və gözəlliyidir. Qadınsız cəmiyyəti təsvir edə bilmirəm. Fikrimcə, qadın yoxdursa, deməli, həyat yoxdur. Bütün sahələrdə olduğu kimi, idmanda da qadınlarımızın xüsusi yeri və böyük əməyi var. Mən deyərdim ki, öz istedadlarına görə, Azərbaycan qadınları heç də dünya qadınlarından geri qalmır. Onlar idmanın müxtəlif sahələrində çalışırlar. Atıcılıqda, voleybolda, xüsusilə də, idmanın şahı olan futbolda. Hərə öz sahəsində özünəməxsus yüksək yer tutur. Ona görə də, biz qadınlarımızla fəxr etməliyik”.

Törə xanım söyləyir ki, 8 mart günü onun üçün özəldir: "İlboyu nəsə hədiyyə ola bilər. Bu, sürpriz kimi olur. Ancaq özəl bir gündə, məsələn, ad günündə və 8 martda - nə gizlədim... Hədiyyə olmasa da, olar. Lakin düşünürəm ki, bütün qadınlar bir buket gülü yaxınları tərəfindən almağı arzu edərlər. Hədiyyə almağı bütün qadınlar xoşlayırlar. Ələlxüsus, özəl olanda onun yeri tamam başqa olur. Mənim üçün ən gözəl hədiyyə ətir və təbii dibçək gülüdür. Gül əkib-becərmək hobbimdir. Bu mənə xüsusi zövq verir. Elə iş yerimdə də xüsusi güllərim var”.

Futbol klubunda çalışan yeganə qadın mətbuat xidmətinin rəhbəri bütün xanımları təbrik etməyi unutmayıb: "Özüm də bu gündə mənim üçün özəl olan xanımlara hədiyyə verirəm. Fürsətdən istifadə edib, bütün qadınlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara can sağlığı, xoşbəxtlik, firavanlıq və ailə səadəti arzulayıram. Hər zaman uca zirvələrdə olub, səsləri daim yüksəklərdən gəlsin".



"Bir xoş söz gözəl hədiyyəyə bərabərdir"
Azərbaycan Premyer Liqasının XVI turunda baş tutan "Qarabağ" - "Neftçi" oyununu şərh edərək Azərbaycan futbolu tarixində ilkə imza atan "CBC Sport" kanalının əməkdaşı Səmra Əliyeva həmin anı böyük qürur hissi ilə xatırlayır: "Bu cür xoş bir məqamla bağlı ilkə imza atmaq sevindirici və qürurvericidir. Çətin və həyəcanlı bir işdir. Sadəcə daşların yerinə oturması, yəni bu sahədə tam olaraq formalaşmaq üçün zaman tələb olunur. Xüsusilə də, bir xanım olaraq təzyiqlə də üzləşməyimi normal hal kimi qəbul edirəm. Xanım şərhçi dünyanın istənilən ölkəsində birmənalı qarşılanmır. Bir az möhkəm olmaq gərəkdir".

Səmra xanım bildirir ki, xanımların idmanda rolu az deyil və bu, danılmazdır: "Söhbət təkcə jurnalistika sahəsində çalışan yox, eyni zamanda idmançı xanımlardan gedir. Hərçənd idman sahəsində çalışmaq çox çətindir. Böyük əksəriyyətin kişi cinsinin nümayəndələri olduğunu nəzərə alsaq, zərif məxluqların bu sahədə özünə yer etməsi bir az zaman və cəsarət tələb edir".

İlk qadın futbol şərhçisi hesab edir ki, 8 mart günündə hədiyyə vacib deyil, amma xoş münasibət hər şeyə dəyər: "Cəmiyyətdə daha çox təzyiqlə üzləşən, sıxma-boğmaya salınan zərif cinsin nümayəndələri olur. Bu səbəbdən Beynəlxalq Qadınlar Gününün təsis olunması və daimi olaraq keçirilməsini normal qarşılamalıyıq. Bu, artıq illərlə oturuşan və özünə xüsusi bir yer edən gündür. Bu gün istənilən xanıma xanım olduğunu xatırladan, onun cəmiyyətdə rolunun danılmaz olduğunu qeyd edən və hər zaman da kişilərin diqqətində olduğunu yada salan bir gündür. Əlbəttə, hədiyyə almağı kim sevmir ki?! Mən də o cümlədən. Həm də birinə hədiyyə etməyi sevirəm. Başqa bir insanı sevindirmək hər zaman xoşdur. Amma məncə, hədiyyədən çox diqqətdir. Bu isə bir gün deyil, hər gün olmalıdır. Xanım sevildiyini, ona önəm verildiyini daim hiss etməlidir. Bu məsələni hədiyyə almaqla qarışdırmaq lazım deyil. Bircə xoş söz deyilməyi kifayət edər. Hədiyyə olmaya da bilər. Bir söz belə, ən gözəl hədiyyəyə bərabərdir".

Ruslan Sadıqov