00:00 09-03-2020
news_image
245
FUTBOL

Aleksandr Kristovao: "Həmin epizod "Qarabağ"la aramızdakı fərqi göstərir" - MÜSAHİBƏ

"Qarabağ"a qarşı çətin oyun oldu. Hər iki hissədə gərgin mübarizə alındı".

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin hücumçusu Aleksandr Kristovao Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları qarşlaşma barədə danışarkən deyib.

Matçdan sonra brifinq keçirən anqolalı forvard əvvəlcə oyuna münasibətini bildirib: "Birinci hissədə iki qol şansı əldə etdik. Onun biri yüz faizli şans idi. Təəssüf ki, həmin epizodlarda qol şansını qaçırdıq".

- Bir epizodda real qol vəziyyətini düzgün qiymətləndirsəydiniz, hesab bərabərləşəcəkdi. Düşünmürsünüz ki, dəqiq zərbə vura bilsəydiniz, görüş fərqli məcrada keçərdi?
- Həmin epizod "Qarabağ"la bizim aramızdakı fərqi göstərir. Çünki əlimizə düşən şansları qaçırdıq, "Qarabağ" isə düzgün dəyərləndirdi.

- "Qarabağ" çempionluğa ən real namizəddir. Digər rəqiblərlə müqayisədə onların daha güclü olduğunu hiss etdiniz?
- Əlbəttə. "Qarabağ"ın keyfiyyətli heyəti var. Yüksək səviyyədə oyun göstərdiklərini hiss etdik. Elə buna görə də, hazırda birinci pillədə qərarlaşıblar.

- Lorenzo Frutos çempionatın bombardirləri sırasında yer alsa da, sizin gəlişinizdən sonra ehtiyata düşüb. "Keşlə"yə gələrkən belə olacağını gözləyirdiniz?
- Frutos güclü hücumçudur. Amma kimin əsas heyətdə yer alması baş məşqçinin seçimindən asılıdır. Mən onun inamını doğrultmağa çalışıram, son dəqiqələrə qədər mübarizə aparıram.

- Qol vurmağınız üçün nə çatmır. Azərbaycan çempionatı sizə ağır gəlir?
- Hər oyunda qol epizodları əldə edirəm, onları lazımınca dəyərləndirməyə çalışıram. Təəssüf ki, qaçırdığım qol şansları olur. Bununla belə, öz üzərimdə işləyirəm. Səbrli olub, öz keyfiyyətimi nümayiş etdirməyə çalışıram.