10:26 10-03-2020
news_image
1174
FUTBOL

"Gərək qrupumuza Bruney, Kamboca və Butan yığmaları düşəydi" - Saşa Yunisoğlu

"Püşkün bizə uğurlu olduğunu düşünməyimiz üçün gərək qrupumuza Bruney, Kamboca və Butan yığmaları düşəydi".

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

Veteran müdafiəçi Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarından danışıb. O, millimizin Lüksemburq, Kipr və Monteneqrodan üstün olmadığını qeyd edib: "Son oyunlar da göstərdi ki, Avropada qətiyyən özümüzü heç kimdən üstün saymamalıyıq. Əksinə, rəqibin kimliyindən asılı olmayaraq hər bir oyuna motivasiya ilə çıxıb, ürəyimizi qoymalıyıq. Məhz onda nəticə qazana bilərik. Monteneqro, Kipr və Lüksemburq isə məğlubedilməz yığmalar deyillər. Amma biz də Braziliya deyilik. Rəqiblərin heyətində bəzi futbolçular güclü klublarda oynayırlar. Bu da onlara üstünlük verir. Elə həmin legionerləri də millidə performans göstərib, komandalarını irəli aparırlar. Axı rəqiblərimizin daxili çempionatları da zəif deyil. Həmişə avrokuboklarda yaxşı tərəfdən özlərini göstərən klbuları var. Kiprin APOEL, Lüksemburqun "Düdelanj", Monteneqronun "Buduçnost" kimi komandalarını misal çəkə bilərəm. Bunları sadalamağım odur ki, bizə qətiyyən asan olmayacaq".

Yunisoğlunun fikrincə, millimiz üçün sözünü deyə biləcəyi ən son şans məhz Millətlər Liqasıdır: "Millətlər Liqası elə yaradılıb ki, bütün komandalar üçün qrupdan çıxmaq şansı yaransın. Liqalar da elə bölünüb ki, bütün rəqiblər təxmini eyni səviyyədə olsun. Ona görə də ilk ilin qrupu, ya da bu ilki qrupdakı komandalar məncə, eyni gücə malikdirlər. Ona görə də şanslarımızın 50-nin 50-yə olduğunu düşünürəm. Millimizin 9-12 xal toplayacağını ehtimal edirəm. Qrupdan çıxsaq, bunu uğur saymaq olar. Çünki bu yeni turnirdir, nəzərə də alaq ki, millimiz heç vaxt böyük yarışlarda nəticə verə bilməyib. Qrupdan çıxmaq artıq nəticədir, uğurdur. Bunu bacarmasaq, əlbəttə ki, uğursuzluq sayılacaq. Çünki bu turnirə ümidlər böyükdür. Burada böyük millilər yoxdur. Millətlər Liqası Avropada sözümüzü deyə biləcəyimiz son şansdır. Məhz bu turnirdəki nəticə əsasında yığmamızın inkişafından danışa bilərik".

Yunisoğlu uğur qazanmaq üçün Azərbaycan millisinə yerli mütəxəssisin faydalı olacağını da vurğulayıb: "Yığmamızda azərbaycanlı məşqçi işləməlidir. Komandamız elə səviyyədə deyil ki, əcnəbi məşqçi gətirilsin. Milliyə 50 futbolçu namizədi varsa, məşqçi onların hamısına baxmalıdır, yanında olmalı və diqqətdə saxlamalıdır. Bunu da yalnız yerli baş məşqçi bacara bilər".