23:17 10-03-2020
news_image
106
FUTBOL

Orxan Sadıqlının sifariş olunmamasının səbəbi açıqlandı

"Zirə"nin baş məşqçisi Zaur Həşimov qış fasiləsindən sonra uğursuz çıxış edən, səhvləriylə daha çox yadda qalan qapıçısı Orxan Sadıqlının Premyer Liqanın son turunda "Səbail"lə səfər matçına sifariş olunmamasına aydınlıq gətirib. 

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis qolkiperin qısa müddət də olsun dincəlməsini, futboldan kənarda qalmasını daha məqsədəuyğun saydıqlarını bildirib: "Orxanla fərdi söhbətimiz oldu. Öz ixtiyarına verdik ki, istəyirsə, istirahət buraxaq. O da razılaşdı, başqa bir səbəb yoxdur. Orxana bu istirahət lazım idi. "Neftçi"ylə hazırlığımıza artıq qatılıb. O, cəmi 3 gün məşqimizdə olmadı".
 
Həşimov Sadıqlını "çərçivə"də əvəzləyən yeni qapıçısı Emil Balayevin debütündən razı qalaraq ona böyük ümidlər bəsləyir: "Emil komandamıza ayrıca güc qatıb. Hiss olunurdu ki, debütündə çox istəklidir. Qələbəmizdə rolu oldu, əməyini əsirgəmədi. Mənə elə gəlir ki, Balayev böyük pay sahibi oldu və ondan daha yaxşı oyun görəcəyik". 

Qeyd edək ki, "Zirə" Premyer Liqada 4 oyunluq məğlubiyyət seriyasına Bayılda 3:1 hesablı qələbəylə son qoyub (sport24.az).