12:27 11-03-2020
news_image
4847
FUTBOL

“İliçiç bizə təklif olunanda cinah oyunçusuna ehtiyacımız yox idi” - “Neftçi”nin sabiq məşqçisi

“Atalanta”nın heyətində Çempionlar Liqasının 1/8 final mərhələsində “Valensiya” ilə səfər qarşılaşmasında pokerə imza atan Yosip İliçiç 2010-cu ildə “Neftçi”yə təklif olunub.

Bunu apasport.az saytına həmin vaxtlar komandada məşqçi kimi fəaliyyət göstərmiş Bəxtiyar Musayev də təsdiq edib.

Lakin Musayev sloveniyalı futbolçunun həm özü, həm də klubu ilə heç bir danışıq aparılmadığını söyləyib: “Biz Braziliyada olarkən İliçiçin adı kluba verilmişdi. Həmin vaxt Flavinyo ilə danışıq aparılırdı. Bu üzdən birincisi, cinah oyunçusuna ehtiyacımız yox idi. İkincisi, İliçiçin Azərbaycana gəlməsi inandırıcı görünmürdü. Onun göstəricilərinə baxmışdım, istedadlı gənc futbolçu idi. Ancaq bura gəlişi real deyildi. Elə həmin ərəfələrdə “Maribor”un heyətində avrokuboklarda “Palermo” ilə qarşılaşdıqdan sonra İtaliya klubuna keçdi. Bu da İliçiçin “Neftçi”yə gəlməsinin inandırıcı olmadığını təsdiq etdi. Nə onun özü, nə də klubu ilə hansısa danışığımız olmuşdu”.

Qeyd edək ki, İtaliyaya yollandıqdan sonra 3 il “Palermo”, 4 il isə “Fiorentina”da çıxış edən Yosip İliçiç 2017-ci ildən “Atalanta”nın şərəfini qoruyur.