21:12 11-03-2020
news_image
270
FUTBOL

“Rəşaddan yaxşı PFL prezidenti olar” - Ramin Musayev

"Rəşadın fiziki gücünə bələdəm. Bu gücü özü qazanmayıb, ona Allah verib. Görürsünüz, belə insanlar haqda deyirlər ki, fitri istedaddır, Allah vergisidir. Şəhər yerində böyüyəsən, elə bir fiziki gücə malik olasan, bu, mümkün deyil. Bunu Sadıqova Allah verib çox istədiyindən. Mənə elə gəlir ki, o, karyerasını tam vaxtında bitirir. Elə futbolçu var ki, bezirsən görəndə, deyirsən hələ də oynayır". 

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. 

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov bu mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini rəsmən açıqlayıb. Musayev yaxından tanıdığı, böyük dəyər verdiyi keçmiş futbolçusunun qərarını vaxtından verilmiş sayır: "Amma özündən asılı olmayan bir şey var ki, məndən soruşsanız, hələ doymamışam Rəşadın oyunundan. Buna baxmayaraq, gedirsə, vaxtında gedir. Yadda saxlayın, bir dadlı yeməkdən tam doydunsa, onun dadı, ləzzəti gedir. Ürəyin istədiyin yeməkdən elə-belə, kəm doyanda, onda tamarzı qalırsan. Uğurlar arzulayıram Sadıqova, başqa nə demək olar... Elə bil dünən futbola başlayıb. Vaxt bu dəqiqə elə tez gedir ki, deyirəm, doğrudanmı vaxtı gəlib, Rəşad karyerasını bitirir. Amma zaman öz sözünü deyir. Düzdür, veteran futbolçularımız çoxdur, amma mənə elə gəlir ki, belə ad qoyan gedən oyunçularımız çox-çox azdı. Onlardan da biri Rəşad Sadıqovdu".

Musayev hesab edir ki, belə bir futbolçu üçün vida oyununun keçirilməsi hökmən olmalıdır: "Çünki ən azından millinin uzunmüddətli kapitanı olub, oyun sayında hələ də rekordçudur. Onu unutmayaq ki, Azərbaycan futbolunda belə hökmlü futbolçu az olub. Söhbət meydandan, orda sözünü deyə bilməkdən gedir. Bu adam futbolda sözünü deyib. Bəzən komandada futbolçunun biri olmayanda meydandakı qalan oyunçularda əhval-ruhiyyə aşağı düşür. Bax, elə bir futbolçu Rəşaddır".

PFL rəhbəri heç vaxt demədiyi açıqlamanı saytımıza etdiyini vurğulayıb: "Bu indiyədək deməmişəm, ilk dəfə sizə deyirəm - Rəşad millidən gedəndən sonra olmadığı birinci oyunda o komandaya baxa bilmədim. Səmimi deyirəm - Rəşad millidə yoxdur, gözlərim doldu. Xətrini istədiyi insandır, dostdur. qardaşdır və təbii ki, futbolçudur. "Neftçi"də işlədiyim vaxtda Sadıqov kluba qarşı elə bir jest etdi ki, onu hər oğul etməzdi. Ona verəcəyimiz puldan 3 dəfə artıq məbləğdə təklif aldı başqa klubdan - "Xəzər Lənkəran"dan. Ancaq o adam getmədi. Dedi ki, Rövnəq Abdullayevlə Ramin Musayevin xətrinə görə milyonlar da versələr, getmərəm. Bəli, 15 il əvvəl təklif olunan bu məbləğ çox böyük - 1 milyon civarında idi. Bunu unutmamaq lazımdır. Əfsuslar olsun ki, sonrakı "Neftçi" rəhbərliyi Rəşad qarşı hörmətsizlik etdi. Sadıqovun elə jestindən sonra ona qarşı elə hörmətsizlik olmamalı idi. Oldu, "Neftçi"dən uzaqlaşdırdılar. Ancaq şükürlər olsun ki, ruhdan düşmədi. Elə buna görə onu çox istəyirəm. Futbolçu karyerasını öz səviyyəsində yerinə yetirdi".

Futbolçu karyerasından sonra nə etməlidir? Musayev Sadıqov üçün bildirib ki, onu funksioner yox, məşqçi kimi görür: "Çünki Rəşada insanda əhval-ruhiyyəni qaldırmaq bacarığı çox gözəldir. Xəstənin yanına gedir, onu sözlə elə dirildər, elə sağaldar ki, heç dərmana ehtiyac olmaz. İnanıram ki, Sadıqov məşqçi olacaq, özü də layiqli. Futbolçu kimi də özünü göstərdi, inanıram ki, məşqçi kimi də özünü göstərəcək. Bəli, sözsüz ki, Rəşaddan yaxşı PFL prezidenti olar. Futbola dəyər verə, köməyi ola bilən, bunu istəyən hər bir insanı vəzifəmdə görmək istərdim. Eləcə də Sadıqovu, amma onu daha çox meydançada görmək istərdim. Çünki orda daha çox xeyir dəyə bilər. Bu adam o sahənin insanıdır. Sözsüz ki, rəhbərlik bacarığı var, görürsünüz, bu gün meydançada olmayanda da kənardan göstərişlərini verir. Bu gün Bədavi Hüseynov necə futbolçudur? Yaxşı. Çünki Rəşadın yanında "bişdi". Bədavini Bədavi edən Rəşad Sadıqov oldu. Rəşad bu sahənin "kral"ıdır".

Son vaxtlar Sadıqovun adı milli komandanın hələ də boş qalan baş məşqçi postu ətrafında hallandırılır. Musayev bununla da bağlı fikirlərini diqqətimizə çatdırıb: "O vaxt buna razı olaram ki, Rəşaddan tez bir vaxtda nəticə tələb olunmasın. Yoxsa, onu bu il təyin etdik, bu il də nəticə gözləyək, razı olmaram ora gəlsin. Çünki millidə yetərincə oyunçularımız yoxdur. Yığmamıza bu gün hər hansı baş məşqçi gəlsə, şəxsən mən ondan heç nə tələb edə bilmərəm. Bilirəm axı hansı oyunçularımız, nəyimiz var, nəyimiz də yoxdur. Bu gün təyin olunacaq baş məşqçidən nəticə tələb etmək olmaz. Ona hökmən vaxt vermək lazımdır. Fikrimcə, millimizin yaxşı oynaması, yaxşı nəticə qazanması üçün tək AFFA, PFL rəhbərliyi yox, əsasən klublarımız çalışmalıdır" (sport24.az).