13:27 12-03-2020
news_image
1242
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanlı döyüşçü UFC-dən imtina məcburiyyətində qaldı

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov UFC-dən rəsmi təklif alıb.

Bu barədə apasport.az saytına 28 yaşlı idmançı özü məlumat verib.

Kərəmovun sözlərinə görə, təklifi müsbət cavablandıra bilməyib. Buna səbəb onun “Rizin”lə müqaviləsi və fevralın sonlarında analoji turnirdəki ilk döyüşündə qələbə qazanaraq, növbəti mərhələdə iştirak hüququ əldə etməsi olub.

Yarışda debüt görüşündən sonra mübarizəni davam etdirməklə bağlı anlaşması olan Kərəmov ilin sonuna qədər “Rizin”də gücünü sınayacağını bildirib: “Təklif həmin müqavilədən sonra – ötən həftə gəldi. Bu üzdən qəbul edə bilmədim. Əgər ilk döyüşdə məğlub olsaydım, o zaman avtomatik olaraq müqaviləm başa çatacaqdı və UFC-yə müsbət cavab verməkdə problem yaranmayacaqdı. Amma indiki durumda ilin sonuna qədər “Rizin”də mübarizə aparacağam. Burada kəmər qazandıqdan sonra UFC-yə qatılmaq istəyirəm”.

Qeyd edək ki, Vüqar Kərəmov “Rizin” turnirinin növbəti görüşündə də qələbə qazanarsa, yarımfinala adlayacaq.