16:19 12-03-2020
news_image

“Çox yaxşı komandanız var” – Hindistan millisinin baş məşqçisi

“Azərbaycana yüksək səviyyədə təlim-məşq toplanışı keçmək üçün gəlmişik. Hazırlıq prosesi çox yaxşı gedir”. 

Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə Hindistan yığmasının baş məsləhətçi funksiyasını yerinə yetirən Temo Kazaraşvili deyib.

Gürcüstanlı dünya çempionu martın 5-dən ölkəmizdə təlim-məşq toplanışı keçən asiyalıların hazırlığı barədə fikirlərini Azərbaycan Güləş Federasiyasının saytına açıqlayıb: “Hər şey normaldır. Düzdür, yığmamızın üzvləri hələ formada deyil. Ancaq müşahidələrimə əsasən deyə bilərəm ki, tezliklə, forma yığacaqlar. Son Asiya çempionatında qızıl medal qazanan Sunil Kumar (87 kq), bürünc medalçılar Aşu Aşu (67 kq) və Herdep Sinq (97 kq), o cümlədən yanvarda İtaliyada keçirilən beynəlxalq turnirin qalibi olan Qurpret Sinq (82 kq) bu toplanışda iştirak edir”.

O, Olimpiya Güləş Mərkəzində lisenziya yarışına birgə hazırlaşdıqları Azərbaycan millisi barədə də danışıb: “Sizin çox yaxşı komandanız var. Hindistan güləşçiləri Azərbaycanın təcrübəli pəhləvanlarından nəsə götürə bilər. Bura gəlməyimizdə əsas məqsəd də budur. Çox texnikalı güləşçiləriniz var. Parterdə əla güləşirlər. Komandanıza bütün çəkilərdə Olimpiadaya lisenziya qazanmağı arzulayıram. Olimpiya Güləş Mərkəzinə söz ola bilməz. Mən son illər heç yerdə belə mükəmməl güləş zalı görməmişəm. Zalda 14 güləş xalçası var. Bu isə onu göstərir ki, Azərbaycanda güləşə dövlət tərəfindən diqqət və qayğı göstərilir”.